Bakının mərkəzində "26" adlı kafe bağlanacaq və cavabdeh şəxslər cinayət məsuliyyətinə cəlb olunacaq. Trend-in məlumatına görə, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov deyib.
H.Abutalıbov xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən keçmiş "26 adına bağ"da (indiki "Sahil" bağı) azərbaycanlılara qarşı soyqrımını təşkil etmiş qatil Şaumyan başda olmaqla, Bakı komissarlarının qəbirləri açılmış və orada başçı qatillər olan Şaumyanın, Əmirovun və Avakyanın sümükləri tapılmamışdı: "Doğrudan da tarix göstərdi ki, bu qatillər öz havadarlarının əli ilə xaricə qaçmış, azərbaycanlıların qızıl və digər sərvətlərini də xaricə aparmışlar. Təəssüf edirəm ki, Bakının mərkəzində, Yazıçılar Birliyinin binasının bir hissəsini icarəyə götürərək "26" adlı kafe açıblar. Bu sözü təkcə Azərbaycan dilində yox, hətta ingilis dilində yazmağa cürət etmişlər. Qoy ermənilər və havadarları bilsinlər ki, nə qədər ki Azərbaycan xalqı var, nə qədər ki Azərbaycan xalqı yaşayır, erməni qatillərə, soyqırımı təşkilatçılarına və onların havadarlarına nəinki Bakıda, ümumiyyətlə, Azərbaycanda yer yoxdur və heç zaman da olmayacaq".
İcra başçısı əlavə edib ki, obyekt bağlanacaq və cavabdeh şəxslər cinayət məsuliyyətinə cəlb olunacaq: "Məsələyə hüquqi qiymət veriləcək".
Hazırda kafenin fəaliyyəti dayandırılıb, əmlakı müsadirə olunub.
APA-nın xəbərinə görə, H. Abutalıbov sosial şəbəkələrdə Bakının Sabunçu rayonu ərazisində “26 Bakı komissarı” adlı küçənin olması haqda yayılan məlumatlara da münasibət bildirərək deyib ki, artıq həmin küçənin adı da dəyişdirilib.
Qeyd edək ki, H. Abutalıbovun açıqlamasının ardınca kafe bağlanıb, kafenin adını bildirən "26" - “Twenty six” lövhəsi sökülüb, ora aid olan əmlak isə maşınlara yığılaraq aparılıb. Kafenin icarədarı Ramin Məmmədov polis tərəfindən saxlanılaraq bölməyə aparılıb.
Xatırladaq ki, əvvəllər Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirmiş 26 Bakı komissarlarının adını daşımış bağın yaxınlığında "26" adlı kafenin fəaliyyət göstərməsi ictimaiyyət və bəzi tarixçilər tərəfindən narazılıqla qarşılanmış, etirazlara səbəb olmuşdu.