Redaksiyamıza Ağdam rayon Keştazlı kənd sakini, hazırda Ağdam rayon “Baharlı” qəsəbəsi 323 saylı evdə yaşayan Həsənov Azər Süleyman oğlundan şikayət məktubu daxil olub. Ağdam sakini A.Həsənov üzləşdiyi problemlə bağlı qəzetimiz vasitəsilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən kömək istəyir.
A.Həsənovun yazdığına görə, 25 ildir onun problemi öz həllini tapmayıb.
A.Həsənov yazır: “Cənab Prezident! 1992-ci ilin noyabr ayının 1-də Ağdam rayonunun “Konzavod” ərazisində erməni faşistlərinin atdığı böyük raket qardaşımla mənim həyətimə düşdüyü üçün, ev və ev əşyaları tamamilə məhv oldu. Hadisə yerinə gələn Ağdam rayonunun o vaxtkı İcra Hakimiyyətinin başçısı 7 nəfərdən ibarət komissiya təşkil edib və qardaşımla mənə dəyən ziyan ayrı-ayrılıqda hesablanıb Dövlət Sığorta Şirkətinə göndərilib. Çox təəssüf olsun ki, bizə dəyən ziyanı nəinki ödədilər, üstəlik, 1998-ci ilin avqust ayında şirkətin o zamankı sədrinin göstərişinə əsasən, qardaşım Həsənov Araz Süleyman oğlunun sənədi qeyri-qanuni yolla mənimsənildi”.
Bununla bağlı əlaqədar qurumlara dəfələrlə müraciət ünvanladıqlarını yazan A.Həsənov qeyd edir ki, hələ də problem həll olunmamış qalır.
Bununla əlaqədar olaraq respublikamızın Birinci vitse-prezidenti Mehriban Əliyevadan da kömək istədiyini vurğulayan A.Həsənov yazır ki, onun hər iki məktubuna dərhal reaksiya verilib: “Mehriban xanıma iki məktub ünvanladım, hər iki məktuba dərhal reaksiya verildi. Birinci məktub Maliyyə Bazarlarına Nəzarət Palatasına, ikinci məktub isə Respublika Baş Prokurorluğuna göndərilsə də, təəssüflər olsun ki, problem həll olunmadı”. Sonda A.Həsənov probleminin həll edilməsi üçün ölkə başçısından və ölkəmizin Birinci vitse-prezidentindən kömək istəyir.
Xəbər xidməti