Məhərrəm Zülfüqarlı: “Bu sahədə təhsil alan gənclərin əmək bazarında digərlərinə nisbətən daha tez iş tapmaq şansı var”
Azərbaycanda yeni hazırlanan “Peşə təhsili haqqında” qanun layihəsində peşə-ixtisas məktəblərində təhsil alan tələbələrə təqaüd və təcrübə keçdiyi müddətdə maaş verilməsi də nəzərdə tutulub. Bu minvalla ölkədə peşə məktəblərinin tələbələri də maaş ala biləcək. Hazırda bunun hüquqi bazası hazırlanır.
Milli Məclisin Elm və Təhsil Komitəsində yaradılan, Təhsil Nazirliyi və digər aidiyyəti dövlət və qeyri-dövlət qurumlarının nümayəndələrinin də təmsil olunduğu işçi qrupu fəaliyyətini artıq yekunlaşdırıb.
Bütün bunlar əmək bazarında tələbatı ödəməyə və rəqabət qabiliyyətini artırmağa yönəlib. Qanun layihəsinin hazirlanmasinda məqsəd ölkədə peşə təhsili və təliminin ictimai statusunu artırmaq, eləcə də əmək bazarının tələblərinə uyğunlaşmasına nail olmaqdır.
Bununla yanaşı, yeni qanun həm özəl, həm də dövlət sektoru üçün yeni perspektivlər açacaq. "Peşə təhsili haqqında" qanun layihəsi hazırlanarkən beynəlxalq təcrübə əsas götürülüb. Qanun layihəsində "Təhsil haqqında" Qanunda əks olunan məsələlər - peşə təhsili müəssisələrinə qəbul qaydaları, yaş həddi, idarəetmə və işəgötürənlərlə əməkdaşlıq kimi məsələlər yer alıb. İndiyədək Azərbaycanda belə bir qanun olmayıb. Məsələnin parlamentin payız sessiyasında müzakirə ediləcəyi gözlənir.
Maraqlıdır, bəs ekspertlərin sözügedən yeniliyə münasibəti necədir?
Məsələyə münasibət bildirən təhsil sahəsi üzrə ekspert Məhərrəm Zülfüqarlı buna müsbət prizmadan yanaşdı: “Bu müsbət haldır ki, peşə məktəbində oxuyanlar hardasa işləyəcəkləri müqabilində pul alacaqlar. Daha sovet dönəmində olduğu kimi pulsuz işlədilməyəcəklər. Öz əməklərinin, halal zəhmətlərinin haqqını alacaqlar. Bununla yanaşı, sözügedən yenilik gənclərin peşə məktəblərinə getmələrinə stimul verəcək. Məsələ ondadır ki, onlar həm oxuyacaqlar, həm də işlədiklərinə görə əməkhaqqı alacaqlar. Bu da, istər-istəməz, gənclərin peşə məktəblərinə marağını artıracaq. Həm də işlədikləri dövrdə təcrübə qazanacaqlar. O üzdən, buna müsbət yanaşıram. Məsələ ondadır ki, müxtəlif səbəblərdən neçə illərdir gənclərin peşə məktəblərinə marağı aşağı səviyyədədir. Halbuki, bu sahədə təhsil alan gənclərin əmək bazarında digərlərinə nisbətən daha tez iş tapmaq şansı var. Sadəcə, maarifləndirmə işi aparmaq lazımdır ki, gənclərin buna marağı artsın. Başqa bir tərəfdən, bu, əmək bazarında rəqabət qabiliyyətini artıracaq”.
Vidadi ORDAHALLI