İlqar Hüseynli: “Bu tip mərkəzlərdə qiymətlər iaşə obyektlərinə nisbətən aşağı olmalıdır”
Azərbaycanda ilk dəfə olaraq magistral yolun kənarında xüsusi istirahət sahələri yaradılır. “Azəravtoyol" ASC-nin yaydlğı məlumata əsasən, bu layihə yeni inşa edilən Ələt-Astara avtomobil yolunda gerçəkləşdirilir. Bu addımın atılmasında məqsəd yolun yeni istiqamət üzrə inşa edilməsi, kənarlarının bağlı olması və yaşayış məntəqələrindən, demək olar ki, keçməməsidir.
Layihə üzrə müəyyən məsafələrdən bir bu cür istirahət sahələrinin yaradılması nəzərdə tutulub. Artıq bununla bağlı olaraq yeni yol boyunca xüsusi ərazilər ayrılıb və məlumatverici lövhələr də quraşdırılıb. İstirahət sahələrində parkinq yerləri, yanacaqdoldurma məntəqəsi, kafe, istirahət üçün yerlər, tualet, market və sair iaşə obyektləri yerləşəcək.
Magistral yol kənarında istirahət mərkəzlərinin yaradılması hər kəs tərəfindən müsbət qarşılanır.
Sosial sahə üzrə ekspert İlqar Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, magistral yol kənarında istirahət mərkəzlərinin yaradılması müsbət haldır: “Bütün yol kənarlarında kafe və restaronlar yetərincədir. Ancaq o iaşə obyektlərinin əhaliyə necə xidmət göstərməsi müəmmalıdır. Onlar sırf qazanc məqsədilə məkanı açıblar. Ancaq xüsusi imtiyazlar nəzərdə tutulmayıb”.
Həmsöhbətimiz hesab edir ki, uzun məsafəli yolların kənarında qısamüddətli istirahət üçün belə məkanların olması vacidir: “Aztəminatlı ailələrin xüsusi istirahət mərkəzlərində rahat şəkildə istirahəti üçün şərait yaradılacaqsa, belə mərkəzlərin olması təqdirəlayiqdir”.
İ.Hüseynli onu da əlavə etdi ki, magistral yol kənarlarında yaradılacaq istirahət məkanlarının qiyməti yolüstü fəaliyyət göstərən restoran və kafelərdəki qiymətlərdən aşağı olmalıdır: “Bu tip mərkəzlərdə qiymətlər iaşə obyektlərinə nisbətən aşağı olmalıdır. Əslində, onlar qazanc üçün yox, xidmət üçün fəaliyyət göstərməlidir”.
Günel CƏLİLOVA