Azər Allahverənov: “Bütün subyektiv faktorları kənara qoyaraq qeyd etmək lazımdır ki, bu, texniki baxışın effektiv aparılmasını tələb edən bir mərhələdir”
Yayılan məlumata görə, Azərbaycanda avtomobillərin texniki baxışdan keçirilməsinə dair tələblər sərtləşdirilib. Məsələ ondadır ki, Nazirlər Kabineti bununla bağlı "Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”də müvafiq dəyişikliklər edib.
Sözügedən dəyişikliyə əsasən, bundan sonra nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edildikdən sonra texniki baxışdan keçiriləcək.
Məlumat üçün onu da qeyd edək ki, minik avtomobilləri istehsal olunduqları vaxtdan dörd il keçməyibsə, dövlət qeydiyyatının aparılması və daimi uçota alınması ilə əlaqədar texniki baxışdan keçirilmir. Texniki baxış zamanı nəqliyyat vasitələrinin tormoz və sükan idarə mexanizmlərində nasazlıqlar aşkar edildikdə, ərizəçiyə məlumat veriləcək və bunlar aradan qaldırıldıqdan sonra nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçiriləcək və daimi uçota alınacaq.
Ümumilikdə, bu yenilikləri ekspertlər necə dəyərləndirir?
Məsələyə münasibət bildirən ekspert Azər Allahverənov buna bir neçə prizmadan yanaşdı: “Əvvəllər bəzi hallarda sürücülər nəyisə dəyişdirirdilər və bu barədə Dövlət Yol Polisini məlumatlandırmırdılar. Yaxud da hansısa dəyişikliklə bağlı lazımi icazə almırdılar. Bu da, istər-istəməz, müəyyən xoşagəlməz hallara gətirib çıxarırdı. Belə faktlar aşkar olunduqda isə nəqliyyat vasitəsi müvəqqəti saxlama dayanacağına aparılırdı. İndi sözügedən texniki baxışa həmin elementləri daxil etməklə, bu, bir növ, texniki baxışa qədər baş verə biləcək hər hansı müdaxilələrin üzə çıxarılmasına xidmət edir. Bu da son vaxtlar sözügedən neqativ halların artmasından irəli gəlir. Ona görə də qanunvericiliyə bu məsələ ilə bağlı əlavələr edilib. Ancaq onu da nəzərə almaq lazımdır ki, bu hal müəyyən mənada, bir növ, sürücüləri də hansısa bir formada narazı sala bilər. Çünki bu əlavə prosedurlar və əlavə nəzarət mexanizmidir. Ancaq burada o anlaşılandır ki, bu kimi yeniliklərin müsbət tərəfi də var. Bütün subyektiv faktorları kənara qoyaraq qeyd etmək lazımdır ki, bu, texniki baxışın effektiv aparılmasını tələb edən bir mərhələdir. Bəzən belə təkliflər səslənir ki, texniki baxış yığışdırılsın. Fikrimcə, buna keçməyə hələ hazır deyilik. Çünki çoxsaylı köhnə avtomobil var. O üzdən, hələlik texniki baxış qanunvericiliklə tənzimlənən prosesdir. Hesab edirəm ki, bu lazımdır”.
Vidadi ORDAHALLI