Məhərrəm Zülfüqarlı: “Hesab edirəm ki, Azərbaycan universitetlərinin diplomu ilə orta və ali məktəblərdə işləyən bütün müəllimlərin maaşları artırılmalıdır”
Gələn il müəllimlərin işə qəbulu ilə bağlı yeni qaydalar hazırlanacaq. Bu barədə mətbuata açıqlama verən Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov bildirib ki, bəzi məsələlər daha da təkmilləşməlidir. Onun sözlərinə görə, yeni qaydaların hazırlanması zamanı həmin məsələlər nəzərə alınacaq.
Nazirlik rəsmisi qeyd edib ki, bu il müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün 50 minə yaxın namizəd qeydiyyatdan keçib: “Onlardan 40 minə yaxını müsabiqənin test mərhələsində iştirak edib. Bu mərhələdən keçənlər növbəti mərhələdə vakansiya seçimi və müsahibə mərhələlərində iştirak edib. Müsahibə mərhələsində 400-ə yaxın namizəd uğur qazana bilməyib. Ümumilikdə, müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edən 4 minə yaxın namizəd müəllim adını qazanıb”.
E.Bağırovun açıqlamasından o da məlum olub ki, əvvəlki illərdə müəllimlərin işə qəbul müsabiqəsindən uğurla keçənlər təqvim ilinin sonunda diaqnostik qiymətləndirməyə cəlb olunurdu və növbəti ildən onların əməkhaqları artırılırdı: “Artıq Prezidentin Sərəncamına əsasən, müəllimlərin işə qəbulu müsabiqəsindən keçən namizədlər diaqnostik qiymətləndirilməsi aparılan namizədlərə bərabər tutulur. Növbəti təqvim ilində işə qəbul müsabiqəsindən keçərək təyinat alan müəllimlər artımla əməkhaqqı alacaqlar”.
Görünən odur ki, sözügedən yenilik müsabiqədən keçən müəllimlərin yüksək əməkhaqqı almasına imkan verəcək. Maraqlıdır ekspertlərin buna münasibəti necədir? Məsələyə münasibət bildirən təhsil sahəsi üzrə ekspert Məhərrəm Zülfüqarlı müəllimlərlə bağlı bu yeniliyə müsbət prizmadan yanaşdı: “Çox müsbət haldır ki, müsabiqədən keçən müəllimlər diaqnostk qiymətləndirmədən keçənlərə bərabər tutulur. Hesab edirəm ki, buna daha tez keçmək lazım idi. Ancaq bütün bunlarla yanaşı, yaxşı olardı ki, bütün müəllimlərin məvacibləri artırılsın. Fikrimcə, bu daha yaxşı variant olar. Nəzərə almaq lazımdır ki, bir neçə il əvvəl müəllimlərə dövlət qulluqçusu statusunun verilməsindən söhbət gedirdi. Sonra bunların heç biri öz təsdiqini tapmadı. İndi arada bir müəllimlərin məvacibi artırılır. Hesab edirəm ki, Azərbaycan üniversitetlərinin diplomu ilə orta və ali məktəbdə işləyən bütün müəllimlərin maaşları artırılmalıdır. Ancaq müsabiqədən keçən namizədlərin diaqnostik qiymətləndirilməsi aparılan namizədlərə bərabər tutulmasına da müsbət yanaşıram”.
Vidadi ORDAHALLI