Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycanın cənub rayonlarında buraxılış imtahanı verən 11-ci sinif şagirdləri arasında qızların sayının azalmasının əsas səbəbinin erkən nikahla bağlı olması qənaətindədir.
Komissiyadan Trend-ə verilən məlumata görə, 2014-cü ildə 9-cu siniflər üzrə buraxılış imtahanında iştirak edən şagirdlərin (cari ilin məzunları) 53,67%-ni (60 042 nəfər) oğlanlar, 46,33%-ni (51 826 nəfər) qızlar təşkil edib. 11-ci siniflər üzrə buraxılış imtahanında isə mənzərə bir qədər fərqli olub və imtahanda iştirak edən şagirdlərin 55,96%-ni (46 501 nəfər) oğlanlar, 44,04%-ni (36 592 nəfər) qızlar təşkil edib.
Qeyd olunub ki, ölkə üzrə hər iki imtahanda oğlan və qız şagirdlərin nisbəti bir-birinə yaxın olsa da, ayrı-ayrı bölgələr üzrə bu göstəricilər arasında kəskin fərqlər müşahidə olunur: "Məsələn, cənub rayonlarında (Lənkəran, Astara, Lerik, Yardımlı, Cəlilabad və Masallı rayonları) 9-cu sinif şagirdlərinin 47,73 faizini qızlar təşkil edibsə, 11-ci sinif şagirdləri arasında bu göstərici 39,04 faizə bərabər olub. 11-ci sinifdə şagirdlərin sayında qızların payı kəskin şəkildə azalıb. Hesab edirik ki, cənub rayonlarında qızların sayının azalmasının əsas səbəbi bu region üçün xarakterik olan erkən nikah məsələsi ilə bağlıdır”.