Bakı və onun ətraf qəsəbələrində son bir neçə ildə xeyli iş görülüb. 9 il əvvəl “Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı proqramı” qəbul edildi. Sözügedən proqram çərçivəsində bir sıra işlər görüldü.
Bakının ətrafında yerləşən qəsəbə və kəndlərə yeni qaz, rabitə, su-kanalizasiya, elektrik xətləri çəkildi. Ancaq müşahidələr göstərir ki, Xəzər rayoni Binə qəsəbəsi əsasən bu işlərdən kənarda qalıb. Binə qəsəbəsində yaşayanların əsas problemi içməli su ilə bağlıdır. Buzovna, Zirə, Türkan qəsəbələrində içməli su var, amma nədənsə, Binəyə su çəkilmir. Xəzər rayonunun digər qəsəbələri yenidən qurulub, abadlaşıb, amma Binədə bu ya çox zəifdi, ya da elə yaşayış massivləri var ki, orada bu işlər yox səviyyəsindədir. Qəsəbənin kanalizasiya xətti olmadığından, qarlı, yağışlı günlərdə sakinlər əziyyət çəkir. Yollarda dərin gölməçələr yaranır ki, sakinlər evlərinə gedib-gələ bilmirlər. Aramsız yağışlar olanda yağış suları, hətta yolkənarı məhlələri və evləri basır.
Bütün bunlara rəğmən sakinlər deyir ki, həlli vacib əsas problem içməli su ilə bağlıdır. Problem ondadır ki, suyun bir kubu, yəni 1 tonu 70 qəpikdir. Binə qəsəbəsinin əksər massivlərində su yoxdur. Sakinlər içməli suyu alır. Ancaq problem ondadır ki, 1 ton içməli su 7 manata satılır. Ortalama ailələr ayda 10 ton su istehlak edir ki, bu da 70 manat edir. Yayda isə suya tələbat daha çox olur. XXI əsrdir, amma Binə qəsəbəsinin əksər yerlərində, əsasən də son illər salınan massivlərdə su xətti yoxdur.
Xəyal Məmmədov: “Bir ton suyun satış qiyməti 70 qəpikdir, amma biz onu 7 manata alırıq”
Sözügedən məsələ ilə bağlı “Bakı-Xəbər” qəzetinə şikayət edən Binə qəsəbə sakini Xəyal Məmmədovun sözlərinə görə, sakinlər içməli su sarıdan zülm çəkirlər: “2009-cu ildən Binə qəsəbəsinin “Balıqlı göl” adlanan hissəsində yaşayıram. Birtəhər ev tikdik, amma illərlə qazsız qaldıq. Nəhayət bir neçə il əvvəl qaz problemi öz həllini tapdı. Əsas problem içməli su ilə bağlıdır. Bir ton suyun dövlətin müəyyən etdiyi satış qiyməti 70 qəpikdir, amma biz onu 7 manata alırıq. Su maşınları ilə alınan suyun bərəkəti olmur. Üstəlik, burada məskunlaşanların əksəriyyəti yoxsul, fəhlə adamlardır. Günəmuzd işləməklə keçinirlər. Yayda daha çətin olur. Ona görə ki, istər dəmir, istərsə də plastmas çənlər olsun, fərqi yoxdur, suyun keyfiyyətinə mənfi təsir edir. Xüsusən də havalar isti keçəndə. Qəsəbənin əksər yerləri bu gündədir. İllər əvvəl söz vermişdilər ki, qəsəbə tamamilə yeni su xətlərilə təchiz olunacaq, amma bu, söz olaraq qaldı. Evində xəstə olan ailələr var. Belə ailələrdə suya tələbat daha çoxdur. Sakinlər məişət məqsədilə həyətlərdə quyu qazıblar. Ancaq quyu suları duzlu olduğu üçün içməyə yararlı deyil. Bundan ancaq paltar və qab yumaq üçün istifadə edirik. Quyu suları duzlu olduğu üçün su nasosları, kombilər tez-tez xarab olur”.
Rəsul Cahangirli: “Qəsəbənin sosial problemlərinin həllinə diqqət aşağıdır”
Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirli hesab edir ki, Binə qəsəbəsinin sosial problemlərinin həllinə diqqət aşağıdır: “İllərdir bu özünü göstərməkdədir. Son illər qəsəbə çox böyüyüb. Əsasən də rayonlardan iş dalınca gələnlər burada məskunlaşıb. Binədə yeni-yeni yaşayış massivləri yaranıb. Düzdür, sözügedən yaşayış massivləri plansız salınıb. Yəni sakinlər necə gəldi evlər tikiblər. Bu səbəbdən su xətləri və digər zəruri infrastruktur olmayıb. Ancaq bütün bunlar o demək deyil ki, ora içməli su xətti çəkmək olmaz. Ona görə də qəsəbənin su təchizatı sistemli şəkildə öz həllini tapmalıdır”.
Vidadi ORDAHALLI