Əli Orucov: “Demokratlar Partiyası Konqresdə üstünlük qazansa, 907-ci düzəlişin birdəfəlik ləğvi yubanacaq”
Məlum olduğu kimi, bir sıra ölkələr noyabrın 3-də ABŞ Konqresinə keçiriləcək aralıq seçkiləri və bunun nəticələrinin nə olacağını maraqla gözləyir. Bir sıra siyasi hesablarını buna görə şəkilləndirir. Məsələn, İran maraqlıdır ki, Trampın təmsil etdiyi partiya uduzsun və Konqresdə çoxluğu itirsin.
Hazırda hakim partiya olan Respublikaçılar həm Senatda, həm də Nümayəndələr Palatasında çoxluqda olsalar da noyabr seçkilərində bu nisbətin dəyişmə ehtimalı böyükdür.
Bizim üçün maraqlı olan bu seçkilərin Azərbaycanın maraqlarına nə dərəcədə təsir edəcəyidir. Maraqlıdır, Konqresdə çoxluq Demokratlar Partiyasının xeyrinə dəyişsə bu, Zəngəzur dəhlizinin reallaşmasına mənfi və yaxud da müsbət yönümdə hansısa təsiri olacaqmı? 907-ci düzəlişin birdəfəlik ləğvə məsələsi necə olacaq?
Sözügedən məsələni baki-xeber.com-a şərh edən AMİP funksioneri Əli Orucov Konqresə keçirilən seçkiləri Azərbaycanın maraqları baxımından bir neçə konteksdən dəyərləndirdi: “Konqresə keçirilən seçkilərdə Demokratlar Partiyası qalib gəlsə düşünmürəm ki, bu, Zəngəzur dəhlizinin çəkilməsinə mənfi təsir göstərsin. Bəzən belə fikirlər səslənir ki, Demokratlar təşəbbüsü ələ alsa dəhliz arxa plana keçəcək. Mən belə düşünmürəm. Dəhlizin Trampın adına olması və yaxud da olmaması nəyisə dəyişmir. Əsas olan Birləşmiş Ştatların geosiyasi və geoiqtisadi maraqlarının təmin edilməsidir. Bu baxımdan hakimiyyətdə kimin olmasından asılı olmayaraq ABŞ-ın dəhlizin moderatoru qismində çıxış etməsi Vaşinqton üçün önəmlidir. Bu, Mərkəzi Asiyaya stabil çıxış, orada ABŞ-ın maraqlarını təmin etmək, qorumaq üçün önəmli vasitədir. Bu gün prezident Trampdır, iki ildən sonra hansısa Con olacaq. O üzdən, Cənubi Qafqaz və Mərkəzi Asiya ABŞ üçün strateji əhəmiyyət kəsb edir. Ancaq Demokratlar Partiyası Konqresdə üstünlük qazansa, 907-ci düzəlişin birdəfəlik ləğvi yubanacaq. Çünki bu partiyaya erməni lobbisinin təsir imkanları böyükdür. Hətta Ermənistan rəsmi olaraq düzəlişin ləğvini istəsə belə, erməni diasporu buna mane olacaq. Ən nəhayət, növbəti prezident seçkilərində Demokratların namizədi qalib gəlsə belə, tarixi geri çevirmək mümkün olmayacaq. Azərbaycan 3 ildir suverenliyini tam təmin edib. Bundan sonra Qarabağla bağlı erməni separatizmini himayə etmək mümkün olmayacaq. Ona görə ki, Azərbaycan regionun həm də aparıcı dövlətidir”.
Vidadi ORDAHALLI