Ermənistan parlamentinin sədri Ruben Rubinyan müxalifətdəki Ermənistan fraksiyasının deputatı Anna Qriqoryanın Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevin və bir qrup diplomatın Qarabağa səfəri zamanı Qandzasar monastırının alban irsi kimi təqdim edilməsi barədə sualını şərh edərkən bildirib ki “bu, tarixin təhrif edilməsidir”.
Hətta Rubinyan bir az da irəli gedərək, bunu mədəni soyqırım adlandırıb. "Biz dəfələrlə bildirmişik ki, yeni əldə etdiyimiz sülh daimi qayğı tələb edir və müxtəlif məsələlərə həssas yanaşmaq vacibdir. Buna görə də qeyd etdiyiniz ifadələr sülhə töhfə vermir və bu kontekstdə faydalı deyil. Üstəlik, onlar əsassızdır", - deyə Rubinyan bazar ertəsi günü keçirilən parlament iclasında bildirib. Eyni zamanda, o əlavə edib ki, tərəflərin sülh içində olması və bu kimi məsələlərlə bağlı fikir ayrılıqlarının və mübahisələrinin sərhəddə atışmalara və ya toqquşmalara səbəb olmamasını təqdir edir. Üstəlik, parlament sədri hansısa dövlət qurumu tərəfindən Azərbaycanın mövqeyinə reaksiya verilməməsindən üzülərək, bunu “utancverici hadisə” adlandırıb. Qeyd edib ki, sülh bağlamaq öz tarixini (!) unutmaq demək deyil. Onun fikrincə, Ermənistanın müvafiq dövlət qurumları “erməni mədəni irsinə aid” abidənin adının dəyişdirilməsinə imkan verməməlidir. Sual yaranır: Azərbaycanın əzəli torpaqlarında yerləşən, hansı tarixi dönəmdə hansı etnik toplum tərəfindən ucaldıldığı barədə daşdan keçən tarixi faktlara söykənən bir abidənin sizə nə aidiyyəti var? Əslində Rubinyan özü də gözəl bilir ki, Qarabağın özü kimi, Qandzasarın da erməni “mədəni irsi”nə yaxından-uzaqdan heç bir dəxli yoxdur. Sadəcə, onu da bilir ki, cənab Hikmət Hacıyevin diplomatlarla ora səfər etməsi, onlara ermənilərin “tarix” adlandırdığı, yalnız bir səhifəsi yazılmış, qalan ağ səhifələri yeni uydurmalar gözləyən “kitabı” əyani şəkildə göstərməsi onları dünyanın gözündə qara qəpiklik edir. O üzdən, heç olmasa daxili auditoriyaya bu yolla mesaj vermək istəyir ki, guya haqsızlığa uğrayıblar. Özü də bunu o ölkənin parlament sədri edir ki, ayaqda qalmaq üçün Azərbaycanla sülh şəraitində yaşamağa məhkumdur. Təbii, xisləti imkan versə…
SAMİRƏ