ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenskini Rusiyada dizel infrastrukturuna zərbələri dayandırmağa çağırıb. Bu çağırış Rusiyanın Ukraynaya, o cümlədən Polşa sərhədi yaxınlığına davamlı hücumları fonunda səslənib: "Xeyli başqa hədəflər var. Dizel yanacağını vurmayın. Rusiyada dizel yanacağı obyektlərini sıradan çıxarmağı dayandırmalısınız".
Ötən həftə Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Kiyev və Moskvaya səfər ediblər. Vaşinqton müharibə aparan tərəfləri danışıqlar yolu ilə razılaşmaya yaxınlaşdırmağa çalışır. Tərəflər danışıqları "məzmunlu" adlandırsalar da, cəbhədəki vəziyyət dəyişməyib. Soyuq havalar ərəfəsində Rusiya Ukraynada mülki, logistika və enerji infrastrukturuna zərbələr endirir. Ukrayna da cavabında Rusiyada enerji və hərbi obyektləri uzaqmənzilli dronlarla hədəfə alır. Yayın əvvəlindən Ukraynanın dron zərbələri Rusiyada ölkəboyu yanacaq çatışmazlığına səbəb olub. Bu arada Rusiya Ukraynanın Polşa sərhədi yaxınlığına iki dron zərbəsi endirib. İlk zərbə Ukraynanın Volın vilayətində, Polşa ilə sərhəddə yerləşən Yaqodin keçid məntəqəsi yaxınlığındakı yanacaqdoldurma məntəqəsinə endirilib. İkinci zərbənin Polşa sərhədindən cəmi iki kilometr aralıda sərnişin qatarının lokomotivinə dəydiyi bildirilir. Yerli rəsminin sözlərinə görə, qatar Kiyevdən Varşavaya gedirdi. Ukrayna sosial şəbəkələrində yayılan videogörüntülərdə insanların dəmiryol stansiyasındakı partlayış yerindən qaçdığı görünür. Ukraynanın dövlət dəmir yolu operatoru "Ukrzaliznitsya"nın məlumatına görə, dron zərbəsinin ilkin hədəfi, çox güman, Avropa rəsmilərini daşıyan "diplomatik qatar" olub. Onların arasında Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonun da olduğu bildirilir. Qurum əlavə edib ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Devid Petreus həmin vaxt başqa bir qatarda olub. "Petreus" "The New-York Times"a bildirib ki, Rusiya dronlarının səsini, daha sonra isə partlayışı eşidib və sərnişinlər dərhal təxliyə olunublar: "Atəşə tuş gəlməyənlər üçün bu, dəhşətli idi... Bu, Ukrayna mülki əhalisini qorxutmağa çalışan barbar bir liderin əməlidir". Hadisələr zamanı Polşanın bir neçə şərq rayonunda hava hücumu xəbərdarlığı elan edilib.
Polşa hava məkanının pozulması barədə məlumat verilməsə də, Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığının sözçüsü Yatsek Qorişevski Polşa üçün təhlükənin real olduğunu deyib. Rumıniya hakimiyyəti isə bir dronun ölkə ərazisinə daxil olduğunu bildirib. Litva mümkün dron görünməsi barədə xəbərdarlıq elan edib, paytaxt və ətraf regionların sakinlərini sığınacaqlara getməyə çağırıb. Vilnüsdəki əsas hava limanı bağlanıb, NATO qırıcıları havaya qaldırılıb. Xəbərdarlıq bir saat ərzində ləğv edilib. Ukraynanın xarici işlər naziri Andriy Sıbiqa X sosial şəbəkəsində yazıb: "Rusiyanın Ukrayna-Polşa sərhədində, Yaqodina barbar zərbələr təkcə dövlət sərhədlərimizə hücumların davamı deyil. Bu, Putinin birbaşa Avropa İttifaqı və NATO-nun qapısını döyən terrorudur". O, Avropa liderlərini Rusiyaya qarşı sanksiyaları bütün ağırlığı ilə işə salmağa çağırıb. Bu ayın əvvəlində Almaniya Leypsiq hava limanında partlayıcı maddələrlə yüklənmiş dronlar aşkarlayıb, bu hadisə uçuşların dayanmasına səbəb olub. Berlin insidentə görə Moskvanın məsuliyyət daşığını bildirib. Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen onda demişdi ki, avropalılar acı bir həqiqətlə üzləşiblər: bu, yeni reallıqdır. Ukrayna prezidenti Volodimir Zelenski isə bildirib: "Məhz bu zərbələrin Avropaya daha çox yayılmasının qarşısını almaq üçün ukraynalı kişilər və qadınlar hər gün döyüşür, həyatlarını qurban verirlər. Rusiya terroru çoxları üçün ortaq təhlükədir, lakin onu məhz burada – Ukraynada məğlub etmək olar və lazımdır". Zelenskinin sözlərinə görə, ötən həftə ərzində Ukraynadakı hədəflərə ümumilikdə 2 min 100 dron, 1 min 700 idarəolunan aviasiya bombası və 73 raket buraxılıb. Ukraynanın bir sıra qərb regionlarına da hücumlar olub. Rusiya Müdafiə Nazirliyi hərbi yüklərin çatdırıldığı və bölüşdürüldüyü logistika mərkəzlərini, onların fəaliyyətini təmin edən enerji obyektlərini hədəfə aldığını iddia edib. Nazirlik Ukraynanın qərbindəki dəmir yolu infrastrukturuna da zərbələr endirildiyini bildirib. Rusiya genişmiqyaslı işğal zamanı mülki əraziləri hədəfə aldığını inkar edir, ancaq zərbələrin minlərlə insanın ölümünə səbəb olduğuna dair çoxsaylı sübutlar var.
Tahir TAĞIYEV