Elşad Həsənov: “Hər halda iki ölkə arasında sülh sazişi imzalanandan sonra orada səfirlik açılsaydı daha yaxşı olardı”
Pakistan diplomatik münasibətlərin qurulmasından bir il sonra Ermənistana ilk səfirini təyin edib. Diplomatik nümayəndəliyin rəhbəri Şövqət Əli Xan Ermənistan Prezidenti Vaaqn Xaçaturyan tərəfindən qəbul edilib. Səfir görüş zamanı etimadnaməsini dövlət başçısına təqdim edib. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.
Qeyd edək ki, diplomatik münasibətlər qurulana qədər Pakistan dünyada Ermənistanı tanımayan yeganə ölkə olub. Daha yaxşı olmazdımı ki, Azərbaycanla Ermənistan sülh sazişini imzalayandan sonra Pakistan bu addımı ataydı? Yəni Ermənistana səfirini təyin edəydi.
Sözügedən məsələyə aydınlıq gətirən siyasi ekspert Elşad Həsənov baki-xeber.com-a açıqlamasında bildirdi ki, Azərbaycana dost-qardaş ölkə olan Pakistan gərək bu məsələdə tələsməyəydi: “Pakistan hər zaman Azərbaycana dayaq olub, ərazilərimizin işğal edilməsi səbəbindən uzun illər Ermənistanı dövlət kimi tanımayıb. Ancaq son 3 ildə vəziyyət tam dəyişib. Azərbaycan Qarabağda suverenliyini tam bərqərar edib, ötən il Vaşinqtonda Azərbaycanla Ermənistan sülh sazişini paraflayıblar. İki ölkə arasında münasibətlər normallaşır. Azərbaycan üzərindən Ermənistana yüklər daşınıb, iki ölkə arasında ticarət əlaqələri qurulub. Gözləyirik ki, Ermənistan Konstitusiyasına dəyişiklik etsin və oradan Azərbaycana qarşı ərazi iddiasını özündə ehtiva maddəni çıxarsın. Pakistan sülh sazişi paraflanandan sonra Ermənistanla diplomatik münasibətlərin qurulmasına qərar verib. Hesab edirəm ki, Pakistan bununla bağlı Azərbaycanla məsləhətləşib. Bakının rəyini nəzərə alaraq İslamabad bu addımı atıb. Hər halda bu məsələ Azərbaycanla razılaşdırılıb. Yoxsa Pakistan bu addımı atmazdı. Ümumilikdə, İrəvanda Pakistan səfirinin fəaliyyətə başlaması Azərbaycanın ziyanına deyil. Ancaq hər halda iki ölkə arasında sülh sazişi imzalanandan sonra orada səfirlik açılsaydı daha yaxşı olardı. Necə ki, Türkiyə Ermənistanla sərhədləri hələdə açmayıb. Sülh azişinin imzalanmasından sonra sərhədləri açmağı planlaşdırır. Çünki Ermənistana etibar yoxdur. Görsələr ki, vəziyyət onların xeyrinə dəyişir, o zaman əsil məkrli niyyətlərini ortaya qoyarlar”.
Vidadi ORDAHALLI