“Brexit”dən sonra Birləşmiş Krallığın gələcəyi ilə bağlı müzakirələr şiddətləndikcə, Şotlandiya, Uels və Şimali İrlandiya liderləri Londonu öz müqəddəratını təyin etmək üçün demokratik yolları açmağa çağırıblar.
Şotlandiyanın baş naziri və Şotlandiya Milli Partiyasının (ŞMP) lideri Con Svinni, Uelsin baş naziri və Plaid Cymru lideri Rhun ap İorvert və Şimali İrlandiyanın baş naziri və Şinn Feyn partitasından olan Mişel O'Nil Uelsin paytaxtı Kardiffdə Birləşmiş Krallığın konstitusiya gələcəyinə birbaşa təsir edən tarixi sammitdə bir araya gəıiblər. Britaniya mətbuatında yer alan xəbərlərə görə, Şinn Feyn lideri Meri Lu Makdonaldın da qatıldığı sammit London hökumətinə qarşı vahid cəbhənin yaradılması ilə nəticələnib.
Kardiffdə görüşən liderlər hər bir millətin öz müqəddəratını təyin etmək hüququna və iqtisadiyyatda və digər sahələrdə əməkdaşlığa dəstəyini ifadə edən anlaşma memorandumu imzalayıblar.
Onlar Vestminster hökumətini konstitusiya dəyişikliklərini "hazırlamağa, planlaşdırmağa və asanlaşdırmağa" çağırıblar və Birləşmiş Krallıqdan müstəqillik və ya ayrılma ilə bağlı referendum keçirmək hüququnun tanınmasını tələb ediblər.
“Sky News” xəbər verir ki, tərəflər eyni zamanda "bərpa olunan enerji, daha güclü və ədalətli iqtisadiyyat qurmaq, Avropa ilə münasibətləri gücləndirmək və hər bir millətin öz gələcəyini müəyyən etmək hüququnu dəstəkləmək də daxil olmaqla, ortaq maraq doğuran praktik sahələrdə" əməkdaşlıq etmək barədə razılığa gəliblər.
Zirvə toplantısını siyasi bir ilkə çevirən ən əhəmiyyətli amil Şotlandiya, Uels və Şimali İrlandiyanın ilk dəfə olaraq eyni vaxtda müstəqillik tərəfdarı liderlər tərəfindən idarə olunmasıdır. Şotlandiya Milli Partiyası Şotlandiyanın müstəqilliyini, Plaid Cymru Uelsin müstəqilliyini, Şinn Féin isə Şimali İrlandiyanın İrlandiya Respublikası ilə birləşməsini müdafiə edir. Svinni növbəti beş il ərzində Şotlandiyanın müstəqilliyi ilə bağlı daha bir referendum tələb edir (Şotlandiya əvvəllər belə bir referendum keçirmişdi, əhalinin 55%-i regionun Böyük Britaniyanın tərkibində qalmasına səs vermişdi). O'Nil Britaniya və İrlandiya hakimiyyətini sərhəd referendumunun tarixini 2030-cu ilə qədər təyin etməyə çağırıb. Rin ap İorvert isə bildirib ki, Uelsin müstəqilliyi və onun vaxtı məsələsi "Uels xalqının əlindədir".
Suinni bildirib ki, üç siyasi hərəkatın ortaq baxışı Vestminster sisteminin ölkələrinin maraqlarına xidmət etməməsidir: "Birləşmiş Krallığın hazırkı strukturu davamlı deyil. London hökuməti gələcəkdə Birləşmiş Krallığın hazırkı strukturunun dəyişə biləcəyi ssenariyə hazırlaşmalıdır".
Sammitin ən vacib mövzusunu təşkil edən referendum səlahiyyəti ilə bağlı da aydın mesajlar verilib. Üç lider, Vestminster tərəfindən xalqların öz gələcəyini təyin etmək hüququna maneə törədilməməsi və demokratik yolların açıq saxlanılmasının vacibliyini vurğulayıb.
Britaniya mətbuatında dərc olunan son sorğu nəticələri də regiondakı siyasi mühiti çılpaqlığı ilə ortaya qoyur. Məlumatlara görə, sabah referendum keçirilsəydi, Şotlandiyadakı seçicilərin 47%-i müstəqilliyə səs verərdi. Müstəqillik tərəfdarı olan partiyalar hazırda hər üç regionda mütləq çoxluğa malik olmasalar da, müstəqillik tərəfdarı olan partiyaların hər üç administrasiyanı eyni vaxtda idarə etməsi tarixi bir dönüş nöqtəsi hesab olunur.
Şotlandiya, Uels və Şimali İrlandiyanın millətçi baş nazirlərinin əməkdaşlıq müqaviləsi imzalayaraq "Vestministerin vaxtının sona çatdığını" elan etməsindən sonra Britaniyanın Baş nazirinin ofisi bildirib ki, Böyük Britaniyanın bütün bölgələri konstitusiya müzakirələrinə və ya yeni referendumlara deyil, "ailə maliyyəsinin yükünü azaltmağa" diqqət yetirməlidirlər .
Endi Börnemin sözçüsü jurnalistlərə bildirib ki, baş nazir Birləşmiş Krallığın dörd ölkəsində dəyişiklik etməyə sadiqdir və birliyə qəti şəkildə inanır.
"Birləşmiş Krallıq ən yaxşı nəticələrini insanlar bölünmək əvəzinə, ortaq dəyərlər və problemlərin həlli ətrafında birləşdikdə əldə edir və Baş nazir konstitusiya müzakirələrində iştirak etmək və ya yeni referendumlar keçirmək əvəzinə, ailə maliyyəsinə təzyiqi azaltmağa və daha böyük iqtisadi təhlükəsizlik təmin etməyə davam edəcək" – deyə Börnemin sözçüsü bildirib.
Tahir TAĞIYEV