Azər Həsrət: “Çünki Çin, Hindistan və Braziliya kimi böyük dövlətlər Birləşmiş Ştatları qarşılarına almaq istəmirlər”
Hindistanda keçirilən BRİCS sammiti çərçivəsində bəyanat qəbul olunub. Ancaq diqqət çəkən məqam o oldu ki, BRİCS liderlərinin yekun bəyannaməsində ABŞ-İran və Rusiya-Ukrayna müharibələrinə xüsusi diqqət yetirilməyib. Yəni Moskva ilə Tehranın səylərinə baxmayaraq, BRİCS üzvləri Rusiya və İranı dəstəkləməyiblər.
Halbuki, yekun bəyannamədə Tehran və Moskva Qərbin hədəf seçilməsini istəyirdilər. Ancaq başda Hindistan olmaqla BRİCS üzvlərinin bir qismi ABŞ və Ukraynanın hədəf seçilməsinin əleyhinə olublar. Bu səbəbdən Rusiya və İranın istəkləri təmin olunmayıb. Vəziyyət o yerə gəlib çatıb ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov yekun bəyannamədə fikir ayrılıqlarının olduğunu etiraf edib.
Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən siyasi şərhçi Azər Həsrət hesab edir ki, bəlli ölkələrin Rusiya və İranla bağlı belə mövqe sərgiləyəcəkləri gözlənilən idi: “Çünki Çin, Hindistan və Braziliya kimi böyük dövlətlər əlbəttə ki, Birləşmiş Ştatları qarşılarına almaq istəmirlər. Üstəlik, başa düşürlər ki, İrana və Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan yan keçmək istəsələr, bu, onların iqtisadiyyatına çox ciddi zərbə vura bilər. Ona görə də BRİCS toplantısında bu məsələlərin Rusiya və İranın istəyinə uyğun olmaması üçün addımlar atılıb. Rusiya və İranın buna görə inciməsi heçnəyi dəyişmir. BRİCS o gücdə olan qurum deyil ki, ABŞ və bütövlükdə Qərbi ayaqlayıb öz iradəsini dünyaya qəbul etdirə bilsin. Bu gün ABŞ təkbaşına bir dövlət olaraq yeganə gücdür ki, öz gücünü, iradəsini dünyaya qəbul etdirə bilər. Yerdə qalan heç bir təşkilat, dövlətlərarası qurum və yaxud da beynəlxalq qurum bu iradəyə sahib deyil. Bunu BRİCS üzvü olan böyük dövlətlərin təmsilçiləri də nəzərə alıblar və ona görə də Moskva ilə Tehranın istəkləri bəyanatda öz əksini tapmayıb. Əslində BRİCS də bir müstəqil qurum kimi fəaliyyət göstərməklə bərabər, Birləşmiş Ştatlardan asılılığını sıfırlaya bilmir. Təkcə böyük ərazilərə, əhali sayının çox olmasına sahib olmaq yetərli deyil. Gərək güclü iqtisadiyyata, ciddi texnologiyalara da sahib olasan. Həmçinin cəlbedici idarəetmə sisteminə da gərək malik olasan. ABŞ özünün iqtisadi, hərbi, texnoloji və s. gücü ilə dünyada alternativsizdir. Üstəlik, bütün qlobal məsələlərdə bir nömrəli söz sahibidir. Belə olan halda hansısa dövlət Rusiya və İrana görə ABŞ-ı qarşısına almaq istəyərmi? Əlbəttə ki, yox. O baxımdan Rusiya və İranın bu istəkləri boşa getməli idi. Belə də oldu”.
Vidadi ORDAHALLI