“Təhsil haqqında” qanuna edilən dəyişikliyə əsasən, 2018-ci ildən etibarən müəllimlərin sertifikatlaşdırılması prosesi həyata keçirilir.
Qeyd edək ki, sertifikatlaşdırma – dövlət ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurudur. Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində işləyən təhsil verənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər "Təhsil haqqında” qanunda nəzərdə tutulan qaydada sertifikatlaşdırmaya cəlb olunurlar.
Təhsilin səviyyəsinin müəllimin səviyyəsindən asılı olduğu qənaətinə əsas verəcək sertifikatlaşdırmada əsas hədəf müəllimlərin səviyyəsinin artırılmasıdır. Məlumdur ki, sertifikasiyada müəllimlərin öz sahəsinə uyğun bilik və bacarıqlarının qiymətləndirilməsi, nəticələrə əsasən karyera inkişafı nəzərdə tutulur.
Qeyd etdiyimiz kimi, sertifikasiya prosesi yalnız orta məktəb müəllimlərinə şamil olunur. Elm və təhsil naziri Emin Əmrullayev isə Milli Məclisin Elm və təhsil komitəsində “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı ali məktəb müəllimlərinin də imtahandan keçirilməsi məsələsini qaldırdı.
Maraqlıdır, hazırkı şəraitdə ali məktəb müəllimlərinin sertifikasiyadan keçirilməsi nə dərəcədə düzgündür?
“Universitet müəllimlərinin sertifikasiya edilməsilə onların nüfuzuna və təhsilə xələl gələr”
Təhsil eksperti Nadir İsrafilov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, hazırki şəraitdə ali məktəb müəllimlərinin sertifikasiyadan keçirilməsi düzgün deyil. Universitet müəllimlərinin sertifikasiyadan keçməsi günün mövzüsü deyil: “Nəzərə almaq lazımdır ki, bu gün ali məktəblərdə çalışan müəllimlərin, professorların sayı elə də çox deyil. Elə ixtisas var ki, o sahə üzrə çalışan müəllimlərin sayı azdır. Bu səbəbdən də universitetlərdə dərs deyənlərin sertifikasiya olunması düzgün deyil. Bu, ümumi təhsil işçiləri arasında narazılığa səbəb ola bilər. Nəzərə almaq lazımdır ki, hələ orta məktəb müəllimlərinin sertifikasiya prosesi tam bitməyib. Bununla bağlı çoxlu sayda problemlər, narazılıqlar yaşanır. Sertifikasiya mövzusu gündəmə gələndə ali məktəblərin verdiyi təhsilə inam, güvən itdi. 4 il təhsil al, sonra imtahan ver işə gir, daha sonra bir neçə ildən bir yenidən imtahan ver. Əgər bu şəxs ömür boyu imtahan verərək işdə qalacaqsa və ya işə girmək üçün imtahan verəcəksə niyə universitet oxuyur? Bu qaydadan sonra müəllimə hörmət qalmaz”.
Ekspert onu da bildirdi ki, həmin pedaqoqlar bakalavr təhsili ilə yanaşı, magistr təhsili də alırlar, elmi iş müdafiə edirlər: “Yəni universitet müəllimlərini sertifikasiya etməklə onların nüfuzuna və təhsilə xələl gələr”.
Günel CƏLİLOVA