Bu gün tam rasionlu qidaların təqdim olunduğu bufet və yeməkxanaların yoxluğu Azərbaycanda ali və orta ümümtəhsil məktəblərində əsas problemlərindən birinə çevrilib. Bu isə tələbə, şagird həm də valideynlər üçün ciddi narahatlıq yaradır.
Əksər hallarda aşağı sinifdə oxuyan şagirdlər yeməyi evdən gətirir, yuxarı sinif şagirdləri tənəffüslərdə çipsi və energetik içkilər almaq üçün yaxınlıqdakı mağazaya gedirlər. Bütün bunlar isə böyüyən nəslin sağlamlığına təsir edir və gələcəkdə xeyli sayda xəstəliyin yaranması ilə nəticələnə bilər. Valideynlər övladlarının məktəbdə normal şəkildə qidalanması üçün pul ödəməyə hazırdırlar. Lakin hələ də məktəblərdə tam rasionlu naharın təşkili üçün şərait yaradılmayıb. Təbii ki, məktəb bufetlərinin hər yerdə olmadığını demək olmaz. Lakin normal şərait Bakı şəhərində yerləşən çox az məktəbdə təşkil olunub. Şəhərin mərkəzində yerləşən, təmirdən çıxmış məktəblərin öz yeməkxanası və menyusu var.
Qeyd edək ki, "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 28.2. bəndinə əsasən, təhsil müəssisələrində iaşə xidməti təhsil müəssisəsi ilə iaşə xidməti göstərən hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilə əsasında həyata keçirilir. Yəni bu, özəl sahibkarlara məktəb yeməkxanalarını icarəyə götürməyə və orada yeməklər hazırlamağa imkan verir. Elə bu səbəbdən də bufetləri icarəyə götürən şirkətlər əməkdaşlıq etdikləri şəxslərlə birgə iş görürlər. Belə ki, həmin şəxslər evlərdə hazırladıqları “pirojki”, sobada bişirilmiş şirniyyatlar, blinçik, pizza və digər təamları məktəb bufetində satırlar.
Maraqlıdır, universitet və məktəb bufetlərinin ərzaqla təminatı hansı səviyyədədir?
“Universitet bufetlərində tələbələri narazı salan məqam qiymətlərin onların büdcəsinə uyğun olmamasıdır”
Qida mütəxəssisi Fuad Həsənov bildirdi ki, Sovet dönəmində məktəb bufetlərini Məktəb İaşəsi adlı qurum təmin edirdi. Ancaq indi məktəb bufetlərinin məktəblə əlaqəsi yoxdur: “Bufetlər üçün lazım olan qidalar özəl şirkətlər tərəfindən təmin olunur. Özəl şirkətlərin məktəblə əlaqəsi olmadığı üçün, onlar istədikləri məhsulu bufetlərə verirlər. Məktəbin işi tək şagirdlərə bilik vermək deyil, eyni zamanda, uşaqların sağlıqlı qidalanmasını diqqətdə saxlamalıdır. Valideynlərin məktəb bufetlərinə etibar etməməsi şagirdlərin çantasının ağırlaşmasına səbəb olur. Çarəsiz qalan valideynlər ağır kitablarla yanaşı, şagirdlərin çantasına su və onların qidalanması üçün müəyyən bişmə qoyurlar. Bufetlərdə uşaqlar üçün sağlam qidalardan olan menyu düşünülməlidir. Nəzərə almaq lazımdır ki, uşaqlar evdən çox məktəbdə vaxt keçirirlər. Məktəb bufeti varsa, onun mətbəxi də olmalıdır. Ona görə onlara rəngli içkilərin satılması düzgün deyil. Onun əvəzinə təbii meyvə şirələri hazırlansa faydalı olar. Mövsümə uyğun meyvələrdən uşaqlara kompotlar hazırlasınlar”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, universitet bufetlərində tələbələri narazı salan məqam qiymətlərin onların büdcəsinə uyğun olmamasıdır. Bu da onun nəticəsidir ki, ali məktəblərin də bufetləri özəl şirkətlər tərəfindən idarə olunur.
Günel CƏLİLOVA