Əvvəl əyləncə kimi içilir, daha sonra dərdlərin unudulması üçün, sonda isə aludəçiliyə çevrilir. Artıq aludəçi aldığı içkinin keyfiyyətinə önəm vermir. Cibində pul tükəndikcə arağın ucuzluğu ilə kifayətlənir. Belə olan halda da mağazalarda saxta, saxlama müddəti ötmüş spirtli içkilərin növü və sayı artır.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yaydığı məlumata əsasən, son vaxtlar AQTA tərəfindən həyata keçirilən monitorinq zamanı marketlərdə xeyli sayda saxtalaşdırılmış müxtəlif növ spirtli içki aşkarlanıb: “Belə ki, cari ilin noyabr ayı ərzində həyata keçirilən yoxlamalar zamanı 8 ticarət obyekti və 3 ictimai iaşə müəssisəsində, ümumilikdə, 406 ədəd saxta alkoqollu içki aşkar olunub. Bununla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb”.
Ekspertlər bildirir ki, standartlara cavab verməyən, tərkibində zəhərlənməyə səbəb olan maddələrin çox olduğu araqların böyük hissəsi zirzəmilərdə fəaliyyət göstərən sexlərdə hazırlanır. Buna görə də araqdan kütləvi zəhərlənmələr restoranlarda baş verir. Hətta bu sexlərdə istehsal edilən araqların bazara çıxarıldığı da iddia edilir.
“Spirtli içkilərin də, digər ərzaq məhsullarında olduğu kimi, istehsal və son istifadə tarixi olmalıdır”
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, spirtli içkilər bazarı ölkənin ərzaq sektorunda ən çox çirklənmiş seqmentlərdəndir: "Bu sahədə problemlər uzun illərdir mövcuddur. Saxta spirtli içkilərə ən prestijli restoranlarda, şadlıq evlərində, marketlərdə də rast gəlinə bilər. Ən bahalı içki belə saxta ola bilər. Ən yaxşı market belə saxta alkoqollu içki sata bilər”.
Ekspertin sözlərinə görə, vətəndaşlar saxta içkiləri müəyyən etmək üçün diqqətli olmalıdırlar: "İstehlakçı bilməlidir ki, spirtli içkilərin qapağının üzərində aksiz markası olmalıdır. Azərbaycan əmtəə bazarında satılan və restoranlarda verilən spirtli içkilərin üzərində mütləq Azərbaycan aksiz markası olmalıdır. Aksiz markası yoxdursa, bu içkilər birmənalı şəkildə saxtadır. Bəzən aksiz markaların da saxtası ilə qarşılaşırıq. Bu zaman vətəndaşlar həmin markanın üzərində Azərbaycan gerbinin olub-olmamasını yoxlamalıdır. Spirtli içkilərin də, digər ərzaq məhsullarında olduğu kimi, istehsal və son istifadə tarixi olmalıdır. Araqları 1 ildən artıq saxlamaq olmaz. Bu müddət konyaklarda 3 il, şərabda isə 6 aydır. Ona görə də spirtli içkilərin üzərində bu iki tarixin olması çox vacib amildir. Lakin biz monitorinq aparan zaman görmüşük ki, ölkənin əmtəə bazarında satılan spirtli içkilərin üzərində sadaladığımız parametrlər yoxdur. Spirtli içki işi ilə məşğul olanlar öz mallarını ölməz hesab edirlər. İstehlakçılar arasında da illərdir səhv fikir yaradılıb ki, spirtli içki nə qədər çox qalsa, o qədər yaxşı olar. Bu fikir kökündən səhvdir. O fikir xüsusi qabda, xüsusi şəraitdə, xüsusi tempraturda saxlanılan içkilərə aiddir. Saxta içkidən insan ani zəhərlənə, kor ola bilər".
Günel CƏLİLOVA