ABŞ Prezidentinin oğlu və "Trump Organization" şirkətinin icraçı vitse-prezidenti Erik Trampın gələn həftə Tbilisiyə səfəri gözlənilir. "Novosti Gruziya"nın məlumatına görə, o, "Trump Tower Tbilisi" layihəsinin rəsmi təqdimat mərasimində iştirak edəcək. Tədbirin miqyası olduqca təsirli olacaq: təkcə beynəlxalq qonaqlar və investorlar üçün nəzərdə tutulan qapalı qala-şam yeməyinin xərci 1 milyon dollardan çox təşkil edəcək. "Trump Tower" keçmiş hippodrom ərazisində yerləşən və altı göydələndən ibarət "The Downtown Tbilisi" kompleksinin əsas elementi olacaq. Təxminən 259 metr hündürlüyə və 70-ə yaxın mərtəbəyə malik olacaq bu bina, planlaşdırıldığı kimi tamamlanarsa, Gürcüstanın ən hündür binasına çevriləcək. Kompleksə qoyulan ümumi investisiyanın həcmi 2 milyard dollar, təkcə "Trump Tower"in tikinti xərcləri isə 200 milyon dollardan çox qiymətləndirilir. Qiymətlərin də rekord səviyyədə olması gözlənilir: kvadratmetri 7 000–10 000 dollardan başlayaraq, yuxarı mərtəbələrdəki mənzillər üçün 15 000 dollara qədər çatacaq. Qüllənin layihələndirilməsi beynəlxalq "Gensler" şirkəti tərəfindən həyata keçirilir, baş podratçı qismində isə, böyük ehtimalla, Türkiyə və ya Azərbaycandan olan iri şirkətlərdən biri seçiləcək. Tikinti sahəsi Bidzina İvanişvilinin ailə fondundan alınıb. "The Wall Street Journal"ın məlumatına görə, ümumi ödəniş məbləği 85 milyon dollar təşkil edib və yekun hesablaşma bu ilin iyul ayında başa çatıb.
SAMİRƏ