Azərbaycanda aztəminatlıların sosial təminata cəlb olunma faizi həqiqətən bu qədər aşağıdır? - Əmək təşkilatı necə hesablayıb?

Vüqar Bayramov: “Təşkilatın aztəminatlı ailələrə yardımla bağlı dəyərləndirməsi reallığı əks etdirmir”

img

Beynəlxalq Əmək Təşkilatının 2021-ci ili əhatə edən Qlobal Sosial Müdafiə Hesabatı dərc olunub. Hesabatda qeyd olunur ki, Azərbaycanda aztəminatlı əhalinin cəmi 13,4%-i sosial yardım proqramları ilə əhatə olunub. Bu göstərici Qazaxıstanda 74,2%, Gürcüstanda 93% faizdir. Dünya üzrə orta hesabla 29%, aşağı gəlirli ölkələrdə 7,8%, orta gəlirli ölkələrdə 35%-ə yaxın, yüksək gəlirli ölkələrdə isə 63% təşkil edir.

Hesabatda başqa göstəricilər üzrə də Azərbaycan qonşu ölkələrlə müqayisədə ən aşağı yerdə qərarlaşıb. Məsələn, ölkədə qeyri-sığorta əsaslı pensiya (pensiya hüququ qazana bilməyən şəxslərə təyin edilən qocalığa görə müavinət) məbləğinin mütləq yoxsulluq həddi hesab olunan məbləğə nisbəti 46,6% təşkil edir. Gürcüstanda həmin göstərici 109%, Ermənistanda 39%, Türkiyədə 21,7% təşkil edir. Hesabata görə, Azərbaycanda hazırda əhalinin əmək qabiliyyətli yaşda (15+) təxminən 40%-dən daha az hissəsi öz gələcək pensiyalarını təmin etmək imkanındadır. Türkiyədə həmin göstərici 60%-in üzərində, Ermənistanda 50%-ə yaxındır.

Görünən odur ki, BƏT bir sıra göstəricilərə görə Azərbaycanı mənfi qiymətləndirib. Ən təəccüblüsü isə əhalinin aztəminatlı təbəqəsinin sosial təminatı ilə bağlı dəyərləndirmədir. Hansı ki, bu məqsədlə bir sıra proqramlar həyata keçirilir. O baxımdan sözügedən dəyərləndirmə nə dərəcədə obyektivdir?

  • “Təkcə şəhid ailələri ilə bağlı 18, qazilərlə bağlı 12 ayrıca proqram icra olunur”

Məsələyə münasibət bildirən millət vəkili Vüqar Bayramovun fikrincə, BƏT-in dəyərləndirməsi reallığı əks etdirmir: “Təşkilatın hansı metodologiyaya əsasən bunu müəyyən etdiyi məlum deyil. Çünki nəzərə almaq lazımdır ki, Azərbaycanda bir sıra həssas təbəqələrin sosial proqramlara cəlb edilməsi istiqamətində işlər aparılır, sosial paketlər çərçivəsində vətəndaşların dəstəklənməsi həyata keçirilir. Şəhid ailələri və qazilərlə bağlı proqramlar var. Təkcə şəhid ailələri ilə bağlı 18, qazilərlə bağlı 12 ayrıca proqram icra olunur. Bununla yanaşı, adambaşına düşən aylıq gəliri ehtiyac meyarından, yəni 200 manatdan aşağı olan vətəndaşlar üçün ünvanlı yardım ayrılır. O cümlədən, ölkədə özünüməşğulluq proqramları var. Qanuna edilən dəyişikliklərdən sonra artıq bu ildən pay torpaqlarına sahib olanlar da sözügedən imkandan yararlana biləcəklər. Bu baxımdan hesab edirəm ki, BƏT-in Azərbaycandakı aztəminatlı ailələrə yardımla bağlı dəyərləndirməsi reallığı əks etdirmir. Çünki həyata keçirilən proqramlar daha çox həssas qrupun dəstəklənməsini nəzərdə tutur. 2022-ci ilin dövlət büdcəsi xərclərinin 46,4 faizi sosial xərclərdir. Bu isə dövlət büdcəsində 14 milyard manat vəsait deməkdir. Ona görə də Azərbaycanda aztəminatlı və həssas qrupların sosial baxımdan dəstəklənməsi prioritetdir. Büdcə xərclərində bu kimi məsələlər xüsusi olaraq nəzərə alınıb”.

Bu baxımdan millət vəkili hesab edir ki, təşkilatın dəyərləndirməsi həqiqəti əks etdirmir.

Vidadi ORDAHALLI

Peşə etikası

Son xəbərlər