ABŞ və İran arasında Hörmüz boğazında ABŞ-a məxsus “Apaçi” helikopterini vurması ilə başlayan yenilənmiş ABŞ-İran müharibəsinə son qoymaq üçün danışıqlar davam edir.
Son açıqlamalara görə, tərəflər arasında sülh müqaviləsinin yekun və razılaşdırılmış mətni hazırlanır. Bunu ABŞ və İran arasında vasitəçilik edən Pakistanın Baş naziri Şahbaz Şərif də təsdiqləyib.
İran və ABŞ arasında sülh müqaviləsinin yekun və razılaşdırılmış mətninin hazırlandığını elan edən Şərif, sülh müqaviləsini sabotaj etmək istəyənlərin apardığı amansız dezinformasiya kampaniyasına da diqqət çəkib: "Səs-küy kənara qoysaq, sülh müqaviləsinin yekun, razılaşdırılmış mətninin əldə edildiyini təsdiqləyə bilərik. Pakistan növbəti addımları yekunlaşdırmaq üçün hər iki tərəflə sıx əməkdaşlıq edir. Sülh heç vaxt bu qədər yaxın olmayıb".
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi də ABŞ-la anlaşma mətni ilə bağlı daxili araşdırmanın son mərhələsində olduqlarını bildirib: “Hazırda müvafiq tərəflər arasında görüşlər keçirilir".
Tahir TAĞIYEV