Xəbər gəldi ki, Naxçıvan MR "Naxavtoyol" Dövlət Şirkətinin keçmiş rəhbəri (bir zamanlar bu nazir statusunda idi) Yavər Rəhimov rəhmətə gedib. Gözümün önündə alicənab ziyalı, ləyaqətli məmur, bacarıqlı rəhbər obrazı canlandı.
Naxçıvan MR-ın ən ucqar dağ kəndlərinə, keçilməz qayalıqlarına qədər yol infrastrukturunun çəkilməsində, körpülərin salınmasında, yol kənarlarının abadlaşdırılmasında Yavər Rəhimovun xidmətləri danılmazdır.
Naxçıvanda elektrik enerjisinin, yanacağın, texnikanın çatışmadığı, maliyyə qıtlığı və blokada şəraitində bu çətin işlərin görülməsi xüsusi təşkilatçılıq qabiliyyəti, fədakarlıq tələb edirdi. Tikinti materialları olmayanda Yavər müəllimin Türkiyədə Qars sement zavodu ilə apardığı danışıqların şahidi olmuşam.
Yavər müəllim Türkiyə və Naxçıvan arasında Araz çayı üzərindən salınan "Ümid körpüsü"nün tikintisində fəal iştirak edib.
Yavər Rəhimov Naxçıvan MR Ali Məclisinin1-ci və 2-ci çağırış deputatı olub.
Bütün bunlarla yanaşı Yavər müəllimin bir xidmətini xüsusi qeyd etmək istəyirəm.
Blokadada olan Naxçıvan təhlükədə olanda, Sədərək, Günnüt, Havuş, Şada, Buzqov, Ordubad və b. istiqamətlərdən gözlənilən hücümların qarşısını almaq üçün o sərhəd zonalarında müdafiə qurğuları, istehkamlar yaratmaq üçün yüksəkliklərə yol çəkilməsində doyüşçülərlə birlikdə çalışmış, bu işə rəhbərlik etmişdir. Şərur şəhəri və ətraf kəndlər real təhlükədə olanda igid döyüşçülərlə, özünümüdafiə dəstələri ilə birlikdə yüksəkliklərə qısa zamanda yol saldırdı, oradan ermənilərin Xəçik, Arpa qəsəbələrinin nəzarətə götürülməsinə kömək elədi. Bu mənfur qonşuların azğınlığının qarşısını aldı.
Yavər Rəhimov o ağır anlarda kabinet bürokratlarından olmadı, həmişə iş başında, obyektlərdə, yollarda oldu.
Yavər müəllimin fəaliyyəti xalq-məmur birliyinin gözəl nümunəsi olub.
Allah rəhmət eləsin.
Aydın KƏRİMOV