Bu gün Ağdam şəhərində 33 ildən sonra ilk dəfə “Son zəng” çalınıb.
Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə keçirilən “Son zəng” tədbirində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, məktəb kollektivi və valideynlər iştirak ediblər. Əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla anılıb.
Çıxış edənlər məzunları təbrik edib, onlara uğurlar, dövlətimiz üçün layiqli vətəndaş, ailələri üçün layiqli övlad olmalarını arzulayıblar. Tədbir bədii hissə ilə davam edib.
Qeyd edək ki, Ağdam şəhərində sonuncu dəfə 1993-cü ildə “Son zəng” günü qeyd edilib.
Bu gün, həmçinin Ağdam rayonunun işğaldan azad olunmuş Xıdırlı və Kəngərli kəndlərində də 33 ildən sonra “Son zəng” tədbirləri keçirilib.
ZÜMRÜD