Ədliyyə Nazirliyində Məhkəmə-Hüquq Şurasının iclası keçirilib. Tədbirdə çıxış edən Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədov qeyd edib ki, ötən il Şura beynəlxalq təcrübə nəzərə alınmaqla, hərtərəfli və şəffaf meyarlar əsasında hakimlərin işinin qiymətləndirilməsinə dair yeni Qaydalar qəbul edib.
İclasda bildirilib ki, bu Qaydalara uyğun olaraq cari ildə 120-dək hakimin fəaliyyəti prinsipial qiymətləndirilərək 3 nəfərin səlahiyyətlərinə xitam verilib, 14 nəfərin fəaliyyətində peşəkar çatışmazlıqlar müəyyən olunaraq 6 aydan sonra təkrar qiymətləndirilmələri qərara alınıb. Təkrar qiymətləndirmə zamanı onların fəaliyyətlərində yenidən peşəkar çatışmazlıq aşkar edilərsə səlahiyyətlərinə qanunla müəyyən edilmiş qaydada xitam veriləcək.
Görünən odur ki, bir ucdan cəza verilir, amma hakimlər və məhkəmələr hələ tam düzəlmir. Bütün bu deyilənlərin fonunda, hakimlərin üzırində nəzarət cəza mexanizmi yetərli səviyyədə işləiyirmi?
“Təəssüflər olsun ki, hələ də səlahiyyətlərindən sui-istifadə edən hakimlər var”
Sözügedən məsələyə aydınlıq gətirən hüquqşünas Şəmsəddin Əliyev bununla bağlı bir sıra məqamlara toxundu: “Hesab edirəm ki, hakimlər üzərində nəzarət, cəza mexanizmi o qədər də yetərli deyil. Azərbaycanda məhkəmə hakimiyyəti yeganə orqandır ki, ədalət mühakiməsi yolu ilə onların fəaliyyəti həyata keçirilir. Yəni sosial ədalət biləvasitə məhkəmə hakimiyyətində hakimlərin dövlətin adından qəbul etdiyi qərarlarla öz həllini tapır. Bu yoxdursa, təbii ki, hakimlərin fəaliyyəti ictimai rəydə aşağı olacaq və yetərincə diqqət çəkməyəcək. Məhkəmələrdəki bütün hakimlər işlərinə məsuliyyətlə yanaşmalı, ədalətli qərarlar çıxarmalıdır və tərəflərin hüquq bərabərliyi təmin edilməlidir. Hər hansı bir şəxs, dövlət orqanı tərəfindən hakimlərin işinə müdaxilə yolverilməzdir. Bu baxımdan hakimlərin fəaliyyətində ciddi qüsurlar varsa, dərhal bunlar araşdırılmalıdır. Hakimlər onlara verilən səlahiyyətlərdən sui-istifadə etməməlidir. Təəssüflər olsun ki, hələ də səlahiyyətlərindən sui-istifadə edən hakimlər var. Bəzi hallarda onlar qanundan kənara çıxırlar. Ciddi nöqsanlara yol verən hakimlərə töhmət verilməsi yetərli deyil. O cür hakimlər dərhal vəzifələrindən azad edilməlidir. Hakimlər yüksək intellektə, bütün etik qaydalara uyğun davranmalıdır. Çünki onlar öz vəzifələrini, səlahiyyətlərini gözəl bilduklərindən, bunlara hər hansı qanunun tətbiqini anlatmaq, yaxud da qınamaq o qədər də əhəmiyyət kəsb etmir. Məhkəmə Hüquq Şurasında hakimlərin fəaliyyəti müzakirə olunursa, bəzi hakimlərin fəaliyyətinə xitam verilirsə, digərlərinə vaxt verilirsə və onlar işində dönüş yaratmırsa, o zaman belə hakimlərlə vidalaşmaq lazımdır. Ölkədə kifayət qədər savadlı və cavan hüquqşünaslar var. Onları qabağa çəkmək lazımdır. Avropa İnsan Hüquqları Məhkəməsinə edilən şikayətlərin 200-dən çoxu təmin olunub. Bütün bunlara görə dövlətimiz təzminat ödəyir. Fikrimcə, bunlar bizim məhkəmələrin səhv qərarlarlna görə baş verib. Ona görə də AİHM-in kəsdiyi təzminatlar həmin hakimlərin maaşından tutulmalıdır. Nəyə görə bu, dövlət büdcəsi hesabına tutulmalıdır? Bir də məhkəmələrin çıxardığı qərarların icrası təmin edilməlidir. Təəssüflər olsun ki, əksər məhkəmələrin müvafiq sahədə olan qərarları müvafiq orqanlar tərəfindən qəbul edilmir. Bu kimi hallar da məhkəmə fəaliyyətini gözdən salır. O üzdən, hakimlər işini qanunlara uyğun qurmalıdılar. Bu yoxdursa, o zaman beynəlxalq aləmdə Azərbaycanın nüfuzuna zərər dəyir. Başqa bir tərəfdən, əksər hallarda hakimlərin çıxardığı qərarlar qüvvəyə minəndən sonra icra üçün icra məmurlarına göndərilir. Ancaq vətəndaşların daha çox narazılığı hakimlərin çıxartdığı qərarlara icra məmurlarının səhlənkar yanaşmaları ilə bağlıdır. Bir sıra hallarda süründürməçiliyə yol verildiyi üçün vətəndaşlar digər instansiyalara müraciət edir”.
Hüquqşünas hesab edir ki, bu kimi məsələlər də öz həllini tapmalıdır.
Vidadi ORDAHALLI