Müstəqil respublikamız nə qədər inkişaf etsə də, hazırda Lerik rayonunun dağ kəndlərində yaşamaq olduqca ağırdır. Burada elə yaşayış məntəqələri vardır ki, 30 ildir heç kimin yadına düşmür. Özü də biganəlik üzündən sosial problemlərin günü-gündən iflic hala saldığı kəndlərin sayı artmaqda davam edir. Odur ki, son illər doğma ata-baba yurdundan perik düşənlərin sayı çoxdur.
Üst-üstə yığılıb qalmış problemlərin həlli artıq müşkülə dönən kəndlərdən biri Ləkərdir. Bu kənd gözdən iraq, könüldən uzaq düşsə də, Vətən müharibəsində şəhid də verib. Başdan-başa məngənə arasında qalan ləkərliləri isə hazırki dövrdə ən çox narahat edən ictimai nəqliyyatın, bankomatın, eləcə qazın yoxluğudur. Doğrudur, payız, qış aylarında palçıq əlindən kəndə yaxın düşmək qeyri-mümkündür. Həftələrlə işıqsız qalmağa da camaat dözür. Sovet vaxtı kənd adamına göstərilən mədəni xidmət də yaddan çıxıb. Amma yuxarıda sadaladığım üç məsələnin həllindən ötrü ləkərlilər yalnız ölkə başçısından kömək istəyirlər. Yerli rəhbərlər isə o qədər yalan vədələr veriblər ki, daha onlardan heç nə gözləmək olmaz.
Vov, Vənədi, Hovil, Qılqılov, Qışlaq, Conu, Xəlifəhoni, Vılık, Vjaker, Aküşəpeştə, Bradi, Hamarat... rayonda sosial inkişafına fikir verilməyən kəndlərdir. Bu kəndlərdə sahibsiz qalan neçə-neçə dədə-baba ocağı, tənha , dağılmış iki mərtəbəli evlər , hər bir əziyyətə dözüb doğma yurdunu atmayıb qalanların cansıxıcı həyatı sanki dünyanın sonuna çatmağı bildirir. Ən dəhşətlisi odur ki, ağır güzəranın indi dünyanın aciz bəndəsinə çevirdiyi bu kəndlərin camaatı sovet vaxtı qurub-yaratmaqla ad qoyublar.
Ləkərdə olduğu kimi, adlarını çəkdiyim kəndlərdə söhbət zamanı dövlətə, onun rəhbərinə böyük sədaqət, məhəbbət gördüm. Nə qədər vəziyyətləri ağır olsa da, adamlar müdrik rəhbər, öz xalqına ürəkdən bağlı İlham Əliyevlə işıqlı gələcəyə inanırdılar. Gileyləri isə öz problemlərini ona çatdıra bilməmələri idi...
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü