(Əvvəli ötən sayımızda)
Bu mərhələdə olan gənc öz müsbət və mənfi cəhətlərinin fərqinə vararaq müsbət cəhətlərini inkişaf etdirib, mənfi cəhətlərini müsbətə çevirməyə çalışmalı, keçmişini keçmiş kimi qəbul edib bugününü düzgün şəkildə yaşamalı, öz bacarıq və qabiliyyətləri istiqamətində həyatda özünə yer tapmalı və öz varlığına məna qatacaq planlar qurmalıdır. Belə etməzsə, milyardlarla insanın yaşadığı bir dünyada özünü tapa bilməyəcək, bir fərd olaraq itib-batacaq.
Elcan Muradovun həyatını incələdikdə onun həyatda “mən kiməm” sualına elə yeniyetməlik yaşlarından cavab tapdığı bəlli olur. Belə ki, Elcanı yaxından tanıyan bütün qohumlar, qonşular, müəllimlər, dostlar, sinif yoldaşları və digər şəxslər öz mülahizələrində bunu əyani olaraq isbat edirlər.
Əvvəldə dediyim kimi, əlinizdə tutduğunuz kitabı yazarkən şəhidin, demək olar, bütün tanıdığı şəxslərlə təkbətək telefon əlaqəsi saxladım. Mərhumun məktəb illəri və yeniyetməliyi barəsində müraciət etdiyim şəxslər içərisində məktəb müəllimlərini xüsusi vurğulamaq yerinə düşərdi. Elcanın rəsmxətt müəlliməsi Təranə xanım Namazova onun məktəb illəri haqqında bunları deyir: “Mən Elcana illərlə dərs demişəm. Sinifdə pəncərə tərəfdən ikinci partada oturardı. Rəssamlıq qabiliyyəti vardı. Etiraf edim ki, o məndən çox güclü idi. Çəkdiyi kiçik kompozisiyalar ali təfəkkürdən xəbər verirdi. İndi Elcan Allah yanında peyğəmbərlərdən sonra ikinci mərtəbədədir. Hələ uzun illər mənim xatirələrimdə qalacaq, boş qalan yeri mənim üçün heç vaxt dolmayacaq”.
İngilis dili müəllimləri Sevda xanım Hüseynova və Gülbahar xanım Dumanova isə öz xatirələrini belə dilə gətirir: “Elcanın yaddaşı çox güclü idi. Məktəbdə təşkil olunan ictimai tədbirlərdə iştirak edir, dostları ilə mehriban davranırdı. Kiçik qəlbində böyük Vətən sevgisi var idi. Bu sevgisiylə digərlərinə nümunə olurdu və məhz bu sevgisinə görə o uca pilləyə yüksələ bildi”.
Məktəb hər bir şagirdin ikinci ailəsi sayılır. Çünki şəxsiyyətin formalaşmasında ailədən sonra məktəb öz üzərinə çox mühüm öhdəliklər götürür. Gələcək cəmiyyətin nümayəndələri məhz bugünün məktəbində təhsil alan şagirdlərdir. Ona görə də dövlətlər öz gələcəklərini məhsuldar etmək üçün məktəbdən başlayaraq insanlar üzərində çox həssasiyyət göstərirlər. Şagirdlər bir fidana, pöhrəyə bənzəyir. Onların boy atdığı müddətdə hansı tərəfə meyl etməsi isə evdəki və məktəbdəki tərbiyədən çox asılıdır.
Gəncənin “Abbas Səhhət” küçəsində yaşayan sakinlər 19 nömrəli orta məktəbin müəllim və pedaqoji heyətini nümunəvi kollektiv kimi tanıyırlar. Məktəbin müəllimləri hər şagirdə bir övlad kimi yanaşdıqlarından, böyüməkdə olan nəsil sanki həssas valideyn himayəsində inkişaf edir. Bəlkə də bu faktorun mövcudluğu Elcanın müsbət xarakterli, digərlərinə qarşı mehriban olmasına gətirib çıxarıb.
Məktəb illərini xatırlayarkən Elcanın sinif yoldaşı Namazov Qismət öz fikirlərini bizimlə belə bölüşdü: “Mən Elcanla bir məktəbdə, eyni sinifdə oxumuşam. Onunla sinif yoldaşı olmaqdan əlavə, həm də dost idik. Xoş günlərimizi, çətin günlərimizi, sevincimizi, kədərimizi həmişə bölüşmüşük. O çox nadir dostlardan idi ki, adam ürəyini tam açıb danışa bilirdi. Elcan əlindən gələni edərək çalışırdı ki, dostlarına, yoldaşlarına çətin anda arxa dursun. Çox diribaş oğlan idi. Onu yaxından tanıyan birisi kimi deyirəm, Elcan yaxşı dost idi və hamımızın sevimlisinə çevrilmişdi. Bilirəm ki, musiqini və rəssamlığı sevirdi. Təxəyyül qüvvəsi güclü idi...”.
Elcanın şəxsiyyətinin əsas formalaşma dövrü məhz barəsində danışdığımız məktəb illəri və yeniyetməlik dövrünə təsadüf edir. Gördüyümüz kimi o, həyatının çətin və keşməkeşli illərində alnıaçıq və üzüağ yaşayıb. O, bütün tanışlarının xatirəsində müsbət keyfiyyətli bir insan kimi qalıb. Bütün bunlar onu deməyə əsas verir ki, Elcanın yeniyetməlik dövrü onu şəhidlik zirvəsinə qaldıran şərəfli bir həyat pillələri olub...
Vətənə xidmət borcu
Torpaq yaradanın insana bəxş etdiyi ən vacib elementlərdən biridir. O, çox qiymətli və müqəddəs bir nemətdir. Torpaq anadır, torpaq Vətəndir və bu ali dəyərlərinə görə onun uğrunda həmişə müharibələr və mübarizələr gedib və gedəcək...
Böyüklərimiz: “Ömürdən pay olar, amma Vətəndən pay olmaz!”, – deyiblər. Təəssüf ki, ana Vətənimizin müxtəlif bölgələri tarixən dəfələrlə zülm, güc və hiylə ilə əlimizdən alınıb. Düzdür, tarixin müxtəlif dönəmlərində neçə-neçə şanlı qələbələrə, inqilablara imza atmışıq. Lakin son onilliklərdə vaxtilə qonşu deyib mehriban davrandıqlarımız tərəfindən sinəmizə dağ çəkilməsi tarixə qara hərflərlə düşüb. Belə ki, 1988-1993-cü illərdə mənfur düşmənlərimiz torpaqlarımıza göz dikmiş, ana Vətənin iyirmi faizini tapdaq altında qalmışdır. Dünyanın bir çox ölkələri bəzən yanımızda olduğunu bəyan etsə də, təəssüf ki, çox vaxt düşmən tərəfdə özünə yer seçib. Bu səbəbdən kimin haqq, kimin batil olduğu əksər vaxtlar müzakirə mövzusu olub.
Həzrət Əlinin ibrətamiz bir kəlamı var: “Birinci haqqı tanı. Sonra kimin onun tərəfində olduğunu biləcəksən”.
Biz qərəz güdmədən, obyektiv olaraq bəzi tarixi faktorlara toxunmaq istərdik.
1988-ci ildə Ermənistanda baş verən genosid siyasəti nəticəsində on minlərlə, yüz minlərlə soydaşımız ata-baba yurdlarından didərgin salındı. Onların bircə günahı vardı: azərbaycanlı olmaq. Təəssüf ki, bununla kifayətlənməyən mənfur qonşularımız bu dəfə də başqa ərazilərə göz dikdilər. Bəzi dairələrin də dəstəyini qazanmağı bacaran ermənilər 1991-ci il 26 dekabrda Xankəndini işğal etdilər. Həmin dövrdə vahid idarəçilik sistemi olmadığından və bəzi siyasi-ictimai problemlər üzündən iki il ərzində on iki rayonumuz işğala məruz qaldı. Belə ki, Xankəndidən sonra Xocalı (26 fevral 1992), Şuşa (8may 1992), Laçın (17 may 1992), Xocavənd (20 oktyabr 1992), Kəlbəcər (3 aprel 1993), Ağdərə (7 iyul 1993), Ağdam (23 iyul 1993), Cəbrayıl (23 avqust 1993), Füzuli (23 avqust 1993), Qubadlı (31 avqust 1993) və Zəngilan (29 oktyabr 1993) rayonları bir-birinin ardınca erməni tapdağı altına keçdi.
İşğal olunduqdan təqribən 30 il sonrayadək düşmən əlində qalan bu torpaq xalqımızın milli qürur, heysiyyət məsələsinə çevrildi. Uzun illər qaçqın və məcburi köçkünlərimizin nə göz yaşı dindi, nə də qəlblərindəki yara sağaldı.
Gənc şairlərimizdən olan Səbuhi İmranoğlu Vətənimizin işğalını belə nəzmə çəkir:
Yox oldu gələcək arzu, diləyim,
Qarabağ getdisə, bil, canım getdi.
Dayanmır göz yaşım, vurmur ürəyim,
Doxsandan gedəndir, gəlməyib nəfəs,
Artıq yaşamağa qalmayıb həvəs.
İndi bir ağızdan söyləyir hər kəs:
Qarabağdan danışarkən Xocalı faciəsinə toxunmadan keçmək doğru olmaz. Xalqımızın tarixində 20 Yanvar, 31 Mart soyqırımı ilə yanaşı, Xocalı faciəsi də qara səhifələrdən biridir. Əslində Xocalı faciəsinə doğru aparan yol Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi tələbi ilə bağlıdır. Həm Ermənistanda, həm də Dağlıq Qarabağda başlanan genosid məqsədli iğtişaşlar, vilayətin Azərbaycandan ayrılaraq Ermənistana birləşdirilməsi tələbi məlum faciəni qaçılmaz etmişdi. Belə ki, 1986-1989-cu illərdə Dağlıq Qarabağda separatçı rejim xalqın əsassız “vətənpərvərliyindən” istifadə edərək, bu ərazilərdə silahlı dəstələr yaradırdı. Yaradılan silahlı dəstələr maddi maraq əsasında rus qoşunlarının texnikası, hərbi sursatları ilə təmin edilirdi. Bu elə bir vaxt idi ki, Xalq Cəbhəsi keçmiş Sovet İmperiyasının dağılması ərəfəsində meydana gələrək, hakimiyyət uğrunda mübarizəyə qoşulmuşdu. Ölkədə baş verən anarxiya, xaos, hərc-mərclik, özbaşınalıq elə bir həddə çatmışdı ki, milli birlik parçalanmışdı. Xalqımıza qarşı planlaşdırılan erməni soyqırımını heç kəs öncədən düşünmür, ehtiyat etmir, millətin parçalanmasına rəvac verilirdi. Belə bir şəraitdə ermənilər asanlıqla Dağlıq Qarabağda istədiklərini edir, hətta rayonlardakı kəndlərə hücum edir, yandırır, qarətlər törədirdilər. Həmin ərazilərdə azərbaycanlılardan silahlar yığışdırıldığından, onlar erməni hücumlarının qarşısını primitiv üsullarla almağa məcbur olurdular. Təbii ki, məişət əşyaları ilə silahlı erməni dəstələrinin hücumlarının qarşısını almaq mümkün deyildi. Məhz belə bir şəraitdə erməni hərbi qüvvələri rusların 361-ci alayının köməyi ilə Xocalı şəhərini işğal etdilər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş həmin işğalda dörd min nəfərlik əhalidən 613 nəfər öldürüldü, 1275 nəfər əsir alındı, mindən artıq sakin itkin düşdü, həmin sayda da insan yaralandı. Xocalı o dövrdə tamamilə unudulmuşdu. Şəhərlə əlaqə kəsilmişdi. Heç bir yerdən Xocalı sakinlərinə kömək gəlmirdi. Erməni separatçı cəlladları Xocalı şəhidlərini tanınmaz hala saldılar, onların meyitləri üzərində təhqiramiz hərəkətlər etdilər. Xocalının harayına yalnız Ağdam batalyonu yetişdi. Batalyon komandiri, milli qəhrəman Allahverdi Bağırovun böyük səyi ilə xeyli Xocalı sakini erməni əsirliyindən azad edildi.
Dinc əhaliyə qarşı törədilmiş həmin cinayətin bir adı vardı: Soyqırım!
Bunu da qeyd edək ki, 1994-cü ildə Azərbaycan Respublikasının Milli Məclisi hadisəyə siyasi-hüquqi qiymət verib. Bakıda Xətai prospektində Xocalı şəhidlərinə həsr olunan “Ana harayı” abidəsi ucaldılıb. Dünyanın neçə-neçə ölkəsində “Xocalıya ədalət” kampaniyası başladılıb. Həmçinin, dünyanın bir sıra ölkələrindəki parlamentlərin bu faciəyə hüquqi-siyasi qiymət verməsi, faciəni pisləyən qətnamələr qəbul etməsi, Türkiyədə Xocalı parkının salınması - bütün bunlar Xocalı şəhərinin xatirəsinin unudulmadığını və unudulmayacağını əks etdirən addımlardır.
Məşhur siyasətçilərdən birinin belə bir sözü var: “Söhbət ədalətdən gedəndə, çoxları susur”. Həqiqətən də dünyada elə bir hal yaranıb ki, əksər ölkələr hətta gözləri qarşısında baş verən zülmə belə göz yumurlar. Ədalət şüarları faydasız qalır, hələ üstəlik, bəzən ədalət anlayışının özünü belə təhrif edir, ədalət carçılarını azadlıqdan məhrum edirlər.
XX əsrin sonlarında erməni silahlılarının xalqımıza qarşı törətdiyi qətliam və işğalçılıq siyasəti hansısa gizli bunkerdə yox, hamının gözləri qarşısında reallaşırdı. Lakin beynəlxalq hüquq normalarını kobud şəkildə tapdalayan bu işğalçı əməllərə obyektiv qiymət verilmirdi. Doğrudur, müxtəlif dövrlərdə BMT-nin, ATƏT-in, Avropa Birliyinin bu barədə müəyyən qətnamələri, bəyanatları meydana çıxdı. Bununla belə, həmin sənədlər münaqişənin həqiqi səbəblərini dəqiq şəkildə göstərmirdi. Tarix şahidlik edir ki, beynəlxalq təşkilatlar öz əməllərində təcavüzkarla təcavüzə məruz qalan tərəf arasında heç bir fərq qoymurdu.
(Ardı var )
Elvin ARİFOĞLU