İstehlakçıların yüksək keyfiyyətli (əla, 1-ci, 2-ci və kəpəkli un çörəyi) çörəklə təmin olunması üçün sərtləşdirilmiş tələbləri özündə ehtiva edən AZS 899:2021 “Buğda unundan hazırlanan çörək. Texniki şərtlər” dövlət standartı təsdiq edilib. Standart İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən hazırlanıb.
Qeyd edək ki, son dövr ərzində çörək sənayesi sahəsində dayanıqlı keyfiyyət meyarlarının təmin edilməsi məqsədilə AZS 888:2020 – “Buğda. Texniki şərtlər.” və AZS 894:2021 – “Çörək sənayesi üçün buğda unu. Texniki şərtlər.” dövlət standartları da qəbul edilib. Standart layihələrinin müzakirəsində Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri iştirak edib. Yeni dövlət standartı ölkə ərazisində aparılan elmi-tədqiqat işləri, beynəlxalq və regional standartlar əsasında hazırlanıb və təsdiq edilərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
Qeyd etdiyimiz kimi, çörəklə bağlı yeni standart tətbiq edilib. Maraqlıdır, yeni standart çörəkdə nəyi dəyişəcək? Çörəyin hazırlanması, keyfiyyəti və ya formasında dəyişiklik olacaq?
Eyyub Hüseynov: “Yeni standartların qəbul olunması ilə artıq istehsalçılar çörəyin nəmliyini yuxarı qaldırmayacaq, keyfiyyəti aşağı salmayacaqlar”
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, çörəyin yeni standartının qəbul olunmasında Nazirlər Kabineti rol oynayıb. Nazirlər Kabineti bununla bağlı aidiyyəti dövlət qurumlarının iştirakı ilə onlayn toplantı keçirib və çörəyin standartının hazırlanması ilə əlaqədar tapşırıq verilib. Bu məsələ, əsasən,”sosial cörək”lər deyilən zavod cörəklərinə aiddir: “Məlumdur ki, zavod çörəyinin qiymətinin sabit saxlanılması istiqamətində uzun illərdir dövlət qurumları tərəfindən müəyyən işlər aparılır. Ancaq onu da qeyd edim ki, dövlət orqanının bu hərəkəti qeyri-qanunidir. Çünki azad bazar iqtisadiyyatı şəraitində çörək istehsalçılarına təzyiq edib qiymət təyin etmək olmaz. Lakin bu iş gedir və “sosial çörək” istehsalçıları daim bir qırmızı xəttin üzərində dayanıblar. Amma onlar da qiymət təzyiqinə dözməyərək keyfiyyəti, çəkini aşağı salır, nəmliyi yüksəldirdilər. Ona görə də aidiyyəti dövlət qurumları bu qərara gəliblər ki, çörəyin standartı hazırlansın. Bu standart “sosial çörəy”in 4 növünə aiddir. Bunlara əla, 1-ci, 2-ci və kəpəkli un çörəyi daxildir. Eyni zamanda, çörək istehsalçılarına qiymətlərin sabit saxlanılması ilə bağlı şifahi şəkildə müəyyən qiymət deyilib”.
Birlik sədri hesab edir ki, yeni standartların qəbul olunması ilə artıq istehsalçılar çörəyin nəmliyini yuxarı qaldırmayacaq, keyfiyyəti aşağı salmayacaqlar. Lakin bununla yanaşı, yeni standartlar bazar iştirakçılarının sayının azalmasınza da gətirib çıxaracaq. Çünki yeni standartlarla bütün istehsalçılar işləyə bilməyəcək.
Eldəniz Abışov: “Üzərindəki etiket məlumatlarından tutmuş qablaşdırma, hətta daşınma qaydalarında da yeni standartın tələbləri mövcuddur”
Çörək istehsalçılarından biri olan müəssisənin Keyfiyyətə nəzarət departamentinin direktoru Eldəniz Abışov bildirdi ki, AZS 899:2021 standartının əvvəl qəbul edilən standartlardan müəyyən fərqi mövcuddur: “Əvvəl milli çörək növlərində tələblər, milli çörək məmulatlarının texniki şərtləri, eləcə də, çörək-bulka məmulatlarının, pəhriz və yağlı çörəyin texniki şərtləri fərqli idi. Dövlət üzrə altı standart mövcud idi. Yeni dövlət standartı isə bunların hamısını bir standartda birləşdirdi. Yeni qərarla çörək məmulatları bir standart altında istehsal olunacaq.
Üzərindəki etiket məlumatlarından tutmuş qablaşdırma, hətta daşınma qaydalarında da yeni standartın tələbləri mövcuddur. Bütün məhsullar müəyyən standartlar əsasında istehsal olunur. İstehsalçılar müraciət edərək, həmin standart və lisenziyaları alırlar. Standartlara görə, müvafiq texniki göstəricilər mövcuddur. İstehsal da məhz həmin texniki göstəricilərə əsasən nizamlanır. Nəticədə hazır məhsul tələb edilən parametrlərə uyğun olarsa, onun satışına icazə verilir. Məhsul bu parametrlərə uyğun olmasa, geri göndərilir”.
Günel CƏLİLOVA