Yeni tədris ilində bəzi məktəblərdə ənənəvi jurnallar ləğv olunacaq, bəzilərində isə həm ənənəvi, həm də elektron jurnallar olacaq.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbəri Mehriban Vəliyeva məlumat verib.
O bildirib ki, ötən tədris ilində 94 məktəbdə elektron jurnallar tətbiq olunub, bu il isə Bakının 215 məktəbində elektron jurnal və gündəlikdən istifadə ediləcək: “X-XI siniflərin dərslərdən yayınması məsələsi bir neçə ildir müzakirə edilir. Ümid edirik ki, elektron jurnalların tətbiqi bu məsələdə müsbət rol oynayacaq”.
Ənənəvi jurnallar ləğv olunacaqsa şagirdlərin qiymətləndirilməsi necə həyata keçiriləcək?
“Bu jurnalda işləmək əlavə vaxt və kağız itkisidir”
Təhsil eksperti Kamran Əsədov ilk növbədə qeyd etdi ki, gələcəyimiz təhsildən, təhsilimiz isə bir çox vacib amillərlə yanaşı, həm də dərsliklərin və tədris vəsaitlərinin keyfiyyətindən asılıdır:”Bu baxımdan məktəbli kitabçalarının da önəmini vurğulamaq lazımdır.
Hesab edirəm ki, Azərbaycan orta və ümumtəhsil məktəblərində məktəbli kitabçaları ümumiyyətlə istifadə olunmamalıdır. Bu, elektron xidmətlərlə həyata keçirilməlidir. Bu gün Azərbaycanda, demək olar ki, bütün vətəndaşların mobil telefonları, komputerləri var. Artıq elektron jurnallardan istifadə olunur. Şagirdlərin istər dərsə davamiyyəti, istərsə də dərsə cavab verməsi elektron lövhədə qeyd olunmalı və avtomatik olaraq valideynin mobil telefonuna və yaxud elekton poçtuna digər qaynaqlarla birbaşa çatdırılmalıdır.
Təəssüflər olsun ki, bu gün valideynlərimizin böyük əksəriyyəti məktəbli kitabçaları, yəni bizim “gündəlik” dediyimiz vəsaiti istifadə etmir. Müəllimlərin bir çoxunun da kitabçalardakı qeydləri qənaətbəxş deyil. Çünki bilirsiniz ki, kurrikulumda qiymətləndirmə yoxdur. Biz artıq şagirdin istər 5 ballıq, istərsə də 10 ballıq şkalada qiymət aldığına öyrəşmişik. Lakin şagirdlərin dərsə hazırlığı, davamiyyəti, onların biliklərinin qiymətləndirilməsi elektron lövhələr vasitəsilə həyata keçirilməli və bununla bağlı valideynlər xəbərdar edilməlidir. Bu eyni zamanda gündəlik dərsə davamiyyətin və qiymətləndirilmənin əks olunduğu sinif jurnallarına da aiddir. Bu jurnalda işləmək əlavə vaxt və kağız itkisidir”.
K.Əsədovun sözlərinə görə, artıq bəzi məktəblərdə elektron lövhələr istifadəyə verilib, amma həyata keçirilmir. “ 2011-ci ildən bugünə qədər dövlət büdcəsindən kifayət qədər böyük məbləğdə vəsait ayrılıb ki, elektron jurnallar yaradılsın. Bu çox sadə və qısa müddətdə həyata keçirilməsi mümkün olan proqramdır. Sadəcə olaraq, valideynlər məktəblərdə yaradılmış elektron resurslardan qeydiyyatdan keçmirlər. Halbuki, bu cür sistemin tətbiqi vaxt itkisinin minimuma endirilməsinə, kağız daşıyıcılarına mümkün qədər qənaət edilməsinə səbəb olur. Sabah da hər hansı hesabat lazım olanda bütün jurnalı və ya kitabçaları götürüb vərəqləməyə ehtiyac yoxdur. Nəticə olaraq növbəti tədris ilində elektron lövhələr Azərbaycanda fəaliyyət göstərən 4472 ümumtəhsil məktəblərin hamısında tətbiq olunmalıdır.
Elektron jurnallardan istifadə təhsilin müasir çağırışlara cavab verməsi deməkdir. Bunun kifayət qədər müsbət tərəfləri var”-deyə K.Əsədov qeyd etdi.
İradə SARIYEVA