Mingəçevirin baş həkimi Eldar Kərimov qazidən pul tələbi ilə bağlı iddialara cavab verdi...

Son günlər sosial şəbəkədə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının direktor əvəzi, baş həkim Eldar Kərimov tərəfindən qazinin ayağını müayinə etmək üçün pul tələb edilməsi iddia edilib. İddia edilir ki, baş həkim əvəzi Qarabağ müharibə iştirakçısını sağaltmaq üçün ondan pul tələb edib.
Məsələ ilə bağlı Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının direktor əvəzi, baş həkim Eldar Kərimov bildirdi ki, hadisə iyulun 30-da Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında baş verib: “Vətən müharibəsinin qazisi Muradov Orxan Fazil oğlu xəstəxanaya aşağı ətrafın rentgeni üçün müraciət edib. Rentgen şəkli çəkildikdən sonra o, rentgen texnikinə plyonkanın ona təqdim olunması üçün müraciət edib. Ona bildirilib ki, rentgen plyonkasının verilməsi üçün 4 manat məbəğində rüsum ödənilməlidir.
Qaziyə izah edilib ki, rentgen plyonkasının çıxarılması xərci İcbari Tibbi Sığortanın Xidmətlər Zərfinə daxil olmadığından bu vəsait vətəndaş tərəfindən qarşılanır. Qazi buna etirazını bildirib və mənim otağıma daxil olub əlindəki mobil telefonla çəkiliş aparıb. Hadisə ilə bağlı qazinin şikayətini dinləyəndən sonra ona dedim ki, rentgen plyonkası üçün ondan istənilən məbləğ qanun çərçivəsində istənilir və onun şikayətinə qanuna uyğun baxılacaqdır. Mənim söylədiklərimlə razılaşmayan qazimizi sakitləşdirmək üçün mən öz şəxsi vəsaitim hesabına qazinin rentgen plyonkası xərclərini ödəmişəm”.
Günel CƏLİLOVA