Xəstəxanalarda pandemiyadan qabaq infeksiya nəzarət proqramları niyə olmayıb - TƏBİB-in tənqidi kimə yönəlib…

“Bu hadisələr baş verəndə TƏBİB harada idi?”
“Azərbaycanda fəaliyyət göstərən xəstəxanalarda əvvəldən infeksiyaya nəzarət proqramları olsaydı, bəlkə də koronavirus bu qədər təsiredici olmayacaqdı. Çünki koronavirus hava-damcı yolu ilə yoluxan xəstəlikdir”.
Bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva media nümayəndələrinə açıqlamasında deyib.
Onun sözlərinə görə, öncədən hava-damcı yolu ilə keçən xəstəliklərdə izolyasiya qaydaları tətbiq edilsəydi, bəlkə də mövcud proqramda çox da dəyişiklik olmayacaqdı: “Pandemiya böyük təkan verdi ki, proqramda ciddi dəyişikliklər edilsin. Artıq xəstəxanalarda ən azından içəri daxil olan və ya çıxan xəstələrə qarşı ilkin izolyasiya tədbiri tətbiq edilir. Amma əvvəl bunu bu dərəcədə düşünmürdük. İndi bu məsələyə ciddi yanaşılır”.
Həkim ekspert Rasif Bağırov TƏBİB rəsmisinin iradı ilə razılaşmadı. O bildirdi ki, koronavirusla mübarizə sahəsində hərə bir söz deyir: “Xəstəxanaları ittiham etmək düzgün deyil. Təcili Tibbi Yardım işçiləri virusa yoluxan şəxsi evindən götürüb, xəstəxanaya yerləşdirirdi. Xəstəxanada da həmin şəxsin müalicəsi ilə məşğul olunurdu. Bununla yanaşı, özündə koronavirusun əlamətini hiss edən şəxs Təcili Yardıma müraciət edəndə, ona “hərarətiniz yoxdursa gəlinməyəcək” cavabı verilirdi. Təbii ki, Təcili Yardım bu göstərişləri özbaşına etmirdi. Indi çıxıb xəstəxanaları ittiham etmək düzgün deyil. Ancaq onu da qeyd edim ki, virusun yayıldığı ilk dönəmlərdə COVİD-19-un müalicə prosesinə barmaqarası yanaşdılar. Xəstə hərarəti yoxdur, özünü narahat edir. Ancaq Təcili Tibbi Yardımdan bir nəfər gəlib xəstəyə köməklik etmirdi. Bu hadisələr baş verəndə TƏBİB harada idi? O zamanlarda xəstəxanalarda infeksiyaya nəzarət proqramları yetərli səviyyədə də deyildi. Indi günahı bir-birinə atmağa çalışırlar”.
Günel CƏLİLOVA