Maştağa qəsəbəsinin Albalılıq 2 adlanan yaşayış massivinin sakinləri ictimai nəqliyyat sarıdan əziyyət çəkir. Sakinlər marşrut problemindən dad-fəryad edirlər. Yaşayış massivinə yalnız 186 saylı marşrut işləyir. İstər qışın oğlan vaxtı olsun, istərsə də, yayın cırhacırı.
Fərq etməz sakinlər hər gün bu yolu getməli olurlar ki, məktəbə, yaxud işə vaxtında çata bilsinlər. Onlar deyir ki, avtobus xətti var, sadəcə marşutdakı interval düzgün təyin olunmayıb. Axşam saat 8-dən sonra avtobusların sayı azaldığı üçün sakinlər taksilərin ümidinə qalır. Bu isə gündəlik işə gedib-gələn insan üçün ucuz başa gəlir.
Sakinlərin dediyinə görə, marşrut hər 10 dəqiqədən bir gəlməli olduğu halda, yarım saatdan, 40 dəqiqədən bir gəlir, onda da minmək mümkün olmur: “Evdən çıxanda yollarda qalırıq, avtobusa minə bilmirik, məcbur olub taksi ilə gedib-gəlirik. Taksiyə isə pul çatdırmaq çox çətindir”.
“Albalılıq 2 adlanan yaşayış massivindən 8-ci kilometr qəsəbəsi istiqamətində hərəkət edən 186 saylı marşrut xətti üzrə gündəlik 10 avtobus xəttə buraxılır”
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev yaranmış vəziyyətlə bağlı bildirdi ki, Albalılıq 2 adlanan yaşayış massivindən 8-ci kilometr qəsəbəsi istiqamətində hərəkət edən 186 saylı marşrut xətti üzrə gündəlik 10 avtobus xəttə buraxılır: “Avtobusla arasında interval 16-17 dəqiqə arasında dəyişir. Sərnişinlərin narazılığına da bu məqam səbəb olur. Sakinlərin müraciəti əsasında məsələ nəzarətə götürülüb. Avtobusların interval məsələsinə yenidən baxılacaq. Xəttə rəhbərlik edən şəxs Bakı Nəqliyyat Agentliyinə çağrılıb. Məsələ bu günlərdə vətəndaşların xeyrinə olaraq müsbət istiqamətdə xeyrini tapacaq”.
Günel CƏLİLOVA