Toylarla bağlı tətbiq edilən qaydalardan biri də “COVID-19” pasportu olmayan vətəndaşların toylara buraxılmamasıdır. Toyların keçirilməsinə başlandığı gündən indiyə qədər xeyli sayda vətəndaş bu səbəbdən toy məclislərinə buraxılmayıblar.
Daxili İşlər Nazirliyinin əməkdaşları müvafiq qaydalara uyğun olaraq yoxlama həyata keçirir və “COVID-19” pasportu olmayanları məclisə buraxmayıb evinə qaytarır.
DİN-dən bildirilib ki, otən gün 2218 nəfər “COVID-19” pasportu olmadığına görə toylara buraxılmayıb.
“Vətəndaş öz məsuliyyətini dərk etməlidir ki…”
“Vəfa” Sosial İctimai Birliyinin rəhbəri Fatimə Hacıbəyli bizimlə söhbətində bildirdi ki, DİN-in bu istiqamətdə həyata keçirdiyi tədbirlər müsbət qarşılanır və effektiv üsul kimi nəticəsini verir. F.Hacıbəylinin sözlərinə görə, toyların təşkilinə icazə verildikdən sonra qonaqların məclislərə yalnız “COVID-19” pasportu ilə buraxılacağı barədə xəbərlərə insanlar çoxu elə də inanmırdılar, amma bu gün buna hamımız şahidik: “Əslində, “COVID-19” pasportu olmayanların toy məclislərinə buraxılmaması ən düzgün üsuldur. Təsəvvür edin ki, qapalı bir məkana peyvəndlənməmiş adamlar gəlir və onlar bir-biri ilə ünsiyyətdə olurlar, bilirsiz, bunun necə dəhşətli nəticəsi ola bilər. Bir gün ərzində 2218 nəfərin “COVID-19” pasportu olmadığı üçün toy məclislərinə buraxılmaması düzgün addımdı. Təkcə Lənkəranda bir gündə 378 nəfər bu səbəbdən şadlıq saraylarından geri qaytarılıb. Vətəndaş öz məsuliyyətini dərk etməlidir ki, o peyvənd olunmalıdır, peyvənd olunmamaqla həm özünün, həm də başqalarının həyatını təhlükəyə atır. Azərbaycanda peyvəndlənmə dövlət hesabına aparılır və 18 yaşdan yuxarı vətəndaşlar heç bir ödəniş etmədən peyvəndlənə bilirlər. Odur ki, hər kəs gedib peyvəndlənsin ki, normal həyata qayıda bilək, toylarda, tədbirlərdə ürəklə iştirak edək.
Hesab edirəm ki, DİN-in tətbiq etdiyi bu qayda böyük effekt verir. Yəni insanlar görür ki, bu formal deyil, ona görə də gedib peyvənd etdirirlər” -deyə təşkilat sədri qeyd etdi.
İradə SARIYEVA