Uzun illərdir ki, R.Tağıyev adına Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinə Əməkdar Mədəniyyət işçisi Əntiqə Tağıyeva rəhbərlik edir.
O, öz işinə ürəkdən bağlı olduğuna görə bu mədəniyyət ocağında keçirilən tədbirlər həmişə maraqla qarşılanır. Muzeydə təşkil olunan respublikanın digər bölgələrdən olan turistlər üçün növbəti ekskursiya da belə tədbirlərdən idi. Ekskursiya zamanı qonaqlara bölgənin zəngin tarixi, adət-ənənələri, etnoqrafiyası barədə dolğun məlumatlar verildi. Sonra qonaqlar ötən ilin iyul ayında Tovuz döyüşlərində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış vətən oğullarının xatirəsinə həsr olunmuş sərgiyə baxış keçirdilər. Masallı Rayon Dövlət Rəsm Qalereyası və Muzey tərəfindən yaradılmış sərgidə ziyarətçilər şəhid hərbçilərin şəxsi əşyaları ilə tanış oldular. Muzeyin direktoru Əntiqə Tağıyeva turların təşkil olunması zamanı göstərdiyi dəstəyə görə “Viləş - ESTV TİM” müəssisəsinin direktoru Vahid Mirzəyevə təşəkkürünü bildirdi.
Ekskursiyadan xoş təəssüratlarla ayrılan qonaqlarla xatirə fotoları da çəkdirildi.
Zəfər ORUCOĞLU, Azərbaycan Jurnalistlər Birliyinin üzvü