Bu günlərdə bir xanım müğənninin qısqanclıq zəminində bıçaqlanması xəbəri yayıldı. Sosial şəbəkələrdə hadisənin otel nömrəsində baş verdiyi haqqında məlumat yayıldı. Hətta bəzi KİV-lər yoxlamadan-araşdırmadan hadisənin otel otağında baş verməsi haqqında xəbər yaydılar. Xəbər mətnlərində otel nömrəsində olan gizli kamera vasitəsilə hadisənin necə baş verməsi haqqında informasiya verilirdi.
Bu xəbər yayıldıqdan bəzi həmvətənlərimiz sosial şəbəkədə xarici vətəndaşları da işarələyərək, onlara məlumat verirlər ki, Bakıya gələrkən ehtiyatlı olun, bütün otellərdə gizli kameralar var.
Sonra məlum oldu ki, həmin video Azərbaycanda qeydə alınmayıb. Bu haqda DİN- də açıqlama verdi. Yəni, baş verən hadisə ilə görüntülər arasında əlaqə yoxdur.
Ancaq məlum xəbər yayıldıqdan sonra turistlər Azərbaycana gəlməyə, otellərdə qalmağa qorxu ilə yanaşacaqlar.
“Heç bir turist istəməz ki, onun qaldığı otelin otağında gizli kamera olsun, bu məlumat Azərbaycan turizm sənayesini baltalamağa xidmət etdi”
Media eksperti Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bir sıra qüvvələr Azərbaycan otellərinin bütün otaqlarında gizli kameraların olması haqqında xəbəri yaydılar: “Açıq şəkildə Azərbaycan otelinin güvənsizliyi görüntüsü yaradıldı. Bəzi saytlar bunu bilməyərəkdən, bəziləri isə küyə düşüb bu məlumatı yaydılar. Ancaq müəyyən qüvvələr var ki, onlar bu xəbərdən məqsədli şəkildə istifadə etdilər. Danılmaz faktdır ki, heç bir turist istəməz ki, onun qaldığı otelin otağında gizli kamera olsun. Bu baxımdan, həmin məlumat Azərbaycan turizm sənayesini baltalamağa xidmət etdi. Xəbər təkzib olunana qədər artıq iş-işdən keçmişdi. Hesab edirəm ki, bu cür informasiyalar yayılan kimi müvafiq dövlət qurumları hadisəni dərhal araşdırıb, əsl həqiqəti dünya ictimaiyyətinə çatdırmalıdırlar. Hadisənin Azərbaycanda baş vermədiyi haqqında xəbər dövriyyəyə buraxılsa idi, bununla bağlı yanlış məlumat yayılmayacaqdı”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, Azərbayanda dezinformasiyaların deşifrə edilib, vaxtında faş olunması ilə məşğul olan qurumlar yoxdur. Varsa da, onlar çox gecikmiş fəaliyyət göstərirlər.
Günel CƏLİLOVA