Əvvəl cavan insanlarda koronavirus xəstəliyinin daha çox asimptomatik formada keçdiyinin şahidi olurduq. Amma indi bu yaş qrupunda COVİD-19 virusunun daha ağır formasını müşahidə edirik.
Açıqlanan rəsmi məlumatlara əsasən, virusa yoluxanların yaş kateqoriyası dəyişib. Koronavirusinfo.az saytında qeyd olunur ki, Azərbaycanda 30-39 yaşlı əhali arasında koronavirusa yoluxma 21 faizə yüksəlib, 50-59 yaş aralığında olanlar arasında isə yoluxma 18 faizdir: “Yaşı 70 və daha yuxarı olanlar arasında virusa yoluxma hallarına daha az rast gəlinib. Belə ki, indiyə qədər 70-79 yaşlı şəxslər arasında yoluxma 4 faiz, yaşı 80 və daha çox olanlar arasında yoluxma isə 2 faiz təşkil edib. COVID-19-a yoluxma azyaşlılar arasında da qeydə alınıb. 0-9 yaş aralığında yoluxma 3 faiz, 10-19 yaş aralığında yoluxma isə 6 faiz təşkil edib”.
Açıqlanan məlumatlardan bəlli olur ki, Azərbaycanda koronavirusa yoluxanlar arasında riskli yaş qrupu 30-39-dur.
Qeyd edək ki, əvvəllər risk yaş qrupuna yaşlı nəslin nümayəndələri daha çox yoluxurdu. Ancaq bu gün vəziyyət dəyişib.
“Son zamanlar virusa daha çox 30-40 yaş arası qrupundan olan insanlar yoluxur, səbəb isə həmin insanların işləmək məcburiyyətində qalmasıdır”
Həkim ekspert Rasif Bağırov bildirdi ki, son zamanlar virusa daha çox 30-40 yaş arası qrupundan olan insanlar yoluxur: “Bu yaş qrupuna daxil olan insanların çoxu işləmək məcburiyyətindədir. İşlədikdə təbii ki, ərtafdakı insanlarla ünsiyyətdə olursan. Bu zaman virusa yoluxma halı artır”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, gənclər arasında yoluxma artsa da, immun sistemi güclü olduğu üçün onlar xəstəliyi əksər hallarda yüngül və simptomsuz keçirir: “Əvvəllər karantin olsa da, qış fəslində insanlar arasında təmaslar azalırdı. Lakin artıq fəsillə əlaqədar gənclər evdən kənarda daha çox vaxt keçirirlər və təmaslar artır. Həmçinin, gənclər gigiyenik qaydalara riayət edilməsinə səhlənkarlıqla yanaşır və koronavirusa dırnaqarası xəstəlik kimi baxırlar”.
Günel CƏLİLOVA