Pandemiyadan öncə insanlar səyahət üçün müxtəlif ölkələrə tur-paket almışdılar. Ancaq 2020 –ci ilin əvvəlindən dünyanı cənginə alan koronavirus infeksiyası ilə əlaqədar olaraq hava sərhədləri bağlandığından bütün səfərlər təxirə salındı.
Buna baxmayaraq, bəzi turizm şirkətləri hələ də vətəndaşların pullarını geri qaytarmır. Son zamanlar bu mövzu ilə bağlı səslənən şikayətlərin sayı artıb. Şikayətçilər bildirir ki, onlar pandemiyadan öncə xarici ölkələr səyahət üçün tur-paket almışdılar. Ancaq virusa görə hava sərhədi bağlandı. Ancaq turizm şirkətləri vətəndaşların onlara ödədiyi vəsaiti geri qaytarmır. Səbəb kimi qeyd edirlər ki, bəs onlar pulu bilet satışı ilə məşğul olan “AZAL”a ödəyiblər. “AZAL” nə vaxt pul geri qaytararsa turizm şirkətləri də vətəndaşların pulunu geri qaytarar.
Elçin Rüstəm: “Sərnişin təklif olunan şərtlərlə razılaşmadığı təqdirdə, aviaşirkət normal fəaliyyətini bərpa etdiyi vaxtdan 60 gün sonra, biletlərin tam dəyərini növbəli şəkildə qaytara bilər”
Məsələ ilə bağlı fikir bildirən turizm sahəsiz üzrə ekspert Elçin Rüstəm qeyd etdi ki, hazırda pandemiya sona çatmasa da “AZAL” bəzi istiqamətlərə uçuşları bərpa edib. Amma uçuş haqları həddindən artıq bahadır: ““AZAL” ötən il pandemiya başlayandan müştərilərə satılan biletlərin ödənişini nə nağd,nə də ki, kart vasitəsilə geri qaytarmayıb. Bəzi hallarda yalnız reysləri dəyişməklə bunu kompensasiya etmək təklifi verib. Bir il vaxt keçib, indi o müştərilərin çoxu artıq harasa uçmaqdan imtina edib. Onu da qeyd edim ki, sərnişin təklif olunan şərtlərlə razılaşmadığı təqdirdə, aviaşirkət normal fəaliyyətini bərpa etdiyi vaxtdan 60 gün sonra, biletlərin tam dəyərini növbəli şəkildə qaytara bilər”.
“Delta travel" turizm şirkəti: “Müştərilərin çoxunun turpaket üçün ödədiyi vəsaiti geri qaytarmışıq, amma…”
“Delta travel" turizm şirkətindən bildirdilər ki, onlar müştərilərin çoxunun turpaket üçün ödədiyi vəsaiti geri qaytarıb. Amma bəzi aviaşirkətlər bilet dəyərini geri qaytarmadığından, onlar da müştərinin pulunu geri qaytara bilmir.
Günel CƏLİLOVA