Karantin dövründə, bütün dünyada olduğu kimi, Azərbaycanda da ailədaxili zorakılıq hallarının artdığı müşahidə edilir. İzolyasiya şəraiti və eləcə də qurbanlara yardım imkanlarının məhdud olması onların lazımi kömək almasını çətinləşdirir.
COVID 19-la mübarizə məqsədilə tətbiq edilən karantinin elə ilk həftələrindən Avropa Birliyi və eləcə də digər ölkələrdə ailədaxili zorakılığın üç dəfə artdığı müşahidə edilib. Azərbaycanda da izolyasiya şəraitində məişət zorakılığının artması müşahidə olunub. Belə ki, açıqlanan statistik rəqəmlərdə qeyd olunur ki, zorakılıq qurbanlarının sayı artıb.
Azərbaycanda da demək olar ki, hər gün mətbuatda məişət zorakılığı ilə bağlı qətl hadisələri, intiharlar, xüsusilə də kişilərin öz həyat yoldaşını öldürmələri ilə bağlı xəbərlər eşidirik.
Hadisənin səbəbində isə qısqanclıq nüansı dayanır. Qadınlara qarşı zorakılıq səbəbindən ölüm hallarının sayının çoxalması ictimaiyyətdə narahatlıq doğurur.
Məlumat üçün bildirək ki, paytaxt Bakıda prokurorluq və daxili işlər orqanları üzrə 2021-ci ilin birinci yarımilində 5992 hadisə qeydə alınıb. Hansı ki, bu rəqəm ötən ilin müvafiq dövründə 5362 olub. Açıqlanan statistik rəqəmlərdən aydın olur ki, ötən illə müqayisədə 630 cinayət hadisəsi artıb. Onlardan ağır və xüsusilə ağır cinayətlərin sayı isə 286 vahid artaraq 1075 olub. Bu barədə Bakı şəhər prokuroru İlqar Abbasov qurumun bu ilin ilk yarısı ilə bağlı fəaliyyətinə dair əməliyyat müşavirəsində bildirib. Onun sözlərinə görə, qeyd olunan cinayət hadisələrinin açılma faizi 86,7% olub.
Qeyd olunub ki, hesabat dövründə ötən illə müqayisədə qəsdən adam öldürmə cinayətlərinin sayı 2 fakt artaraq 25 cinayət hadisəsi qeydə alınıb.
“İllərlə əri tərəfindən zorakılığa məruz qalan, qorxu, təhdid içində yaşayan qadın özünə əminliyini itirib”
Məişət cinayətlərinin sayının artması barədə fikir bildirən “Vəfa” Sosial İctimai Birliyinin sədri Fatimə Hacıbəyli bildirdi ki, Azərbaycanda ailə-məişət zəminində baş verən cinayətlərin sayında sürətli artım baş verir: “Xüsusən də ailədə qadınlara qarşı zorakılıq səbəbindən ölüm hallarının sayının çoxalması daha çox narahatlıq doğurur. Demək olar ki, hər həftə mətbuatda öz həyat yoldaşını öldürən kişilər haqqında xəbərlərlə rastlaşırıq”.
Birlik sədri onu da əlavə etdi ki, məişət zorakılığı qurbanı olan qadının vəziyyəti koronavirus pandemiyası ilə mübarizə üçün tətbiq edilən karantin rejimi nəticəsində daha da pisləşib: “Belə ki, bir yandan qazancı müəyyən qədər azalıb. Bu halda yoldaşının ona qarşı qəzəbini bir qədər də artırıb. Digər tərəfdən dörd divar arasına qapanmış ailə evin içində tüğyan edən gərginliyə psixoloji olaraq tab gətirə bilməyib. Kişi evdə hər xırda məqama qıcıqlanaraq, həmçinin, uşaqlarına qarşı daha kobud davranmağa başlayıb. Qadın ümidsizdir, təəssüf ki, bu situasiyadan çıxış yolu görmür. İllərlə əri tərəfindən zorakılığa məruz qalan, qorxu, təhdid içində yaşayan qadın özünə əminliyini itirib”.
Həmsöhbətimiz hesab edir ki, zorakılığa qarşı maarifləndirmə işlərinin aparılması lazımdır. Qızların öz hüquqlarını daha yaxşı bilməməri, zorakılıqla mübarizədə özlərini daha düzgün müdafiə etmələri üçün ilk növbədə qızların təhsil almaları, hər hansı sənət əldə etmələri çox vacibdir. Bu, həm də qadınların gələcəkdə iqtisadi müstəqilliklərini təmin edir. Maarifləndirmə işində müvafiq dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyəti institutları da fəaliyyətlərini daha da gücləndirməlidirlər və maarifləndirmə işi ümümmilli səviyyədə aparılmalı, cəmiyyətin bütün təbəqələrini, xüsusilə risk qruplarını əhatə etməlidir”.
Günel CƏLİLOVA