2021-ci ilin yanvar ayından “Tibbi sığorta haqqında” Qanuna əsasən, ölkə üzrə dövlət və özəl sektorda çalışanlardan icbari tibbi sığorta haqlarının toplanılmasına başlanılıb. Dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqı tutulur.
2021-ci ilin aprel ayından etibarən tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 67,5 manat + 67,5 manat və üstəgəl ölkə üzrə istehlak qiymətlərinin indeksi müəyyən edilib.
Nurxan Kərimov: “Əgər belədirsə, o zaman biz pulu niyə ödəyirik?”
Yanvar ayından 7 ay keçməsinə baxmayaraq hələ də ortada bir nəticə yoxdu. Qəzetimizə müracət edən Nurxan Müqabil oğlu Kərimovun sözlərinə görə, mebel şirkətiində işləyir: “Artıq yanvardan üzü bəri tibbi sığorta üçün vəsait ödəyirik, amma hansı dövlət xəstəxanasından maraqlasan, "hələ başlamamışıq" deyirlər. Bəs haçan başlayacaq soruşanda, cavab yoxdur. Bir neçə dəfə Sabunçudakı 3 saylı Şəhər Klinik Xəstəxanasına müraciət etmişə, eyni cavabı veriblər. Əgər belədirsə, o zaman biz pulu niyə ödəyirik? Belə idisə onda bunu tətbiq etməyəydilər də. Zatən dövlət xəstəxanalarına gedəndə adamı “soyurlar”. Ondansa özəl xəstəxanaya getmək daha yaxşıdır. Bu səbəbdən bir çoxları vaxtında müalicə olunmur. Daha dəqiq desək müalicə oluna bilmir. Sonra da deyirlər ki, ölüm halları niyə artır. Bakı kimi bir şəhərdə icbari tibbi sığortanın bu qədər problemlər yaşanırsa, gör bölgələr nə vəziyyətdədir”.
Məsələ ilə əlaqədar Sabunçudakı 3 saylı Şəhər Klink Xəstəxanasından münasibət öyrənməyə çalışsaq da bu mümkün olmadı.
Aydın Əliyev: “Vətəndaşlar yaxşı maaş almalıdılar ki, tibbi sığortaya da yaxşı pul keçirsinlər”
Sözügedən məsələyə aydınlıq gətirən Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti Aydın Əliyevin sözlərinə görə, tibbi sığorta çox vacib məsələdir: “Bizdə bu ona görə işləmir ki, sahibkarlıq və digər məsələlər hələ tam otruşmayıb. Problem ondadır ki, bizdə yüksək maaş alanlar azdır. Xaricdə yüksək maaş alırlar. Ona görə də tibbi sığorta ödənişləri yüksəkdir. Nəticədə xəstələrlə tibb müəssisələri arasında problem olmur. Ancaq bizdə axı vəziyyət bu cür deyil. Bizdə ödənişlər sözügedən xərcləri qarşılamır. Ona görə də vətəndaşlar qanun qəbul olunsa da, onun işləməməyindən narazıdılar. Hesab edirəm ki, haqlıdılar. Ancaq tibbi sığortanın işləməsi üçün həkimlərə yüksək maaş lazımdır. Vətəndaşlar yaxşı maaş almalıdılar ki, tibbi sığortaya da yaxşı pul keçirsinlər. Bax problem bundadır. Buna rəğmən, ümidliyəm. Ona görə ki, biz buna yeni keçmişik. İnşallah yaxşı olar”.
Belə məlum oldu ki, hələ biz gözləməliyik.
Vidadi ORDAHALLI