Özəl klinikalarda külli-miqdarda vergidən yayınma halları ilə bağlı ictimaiyyəətə məlumat verilib. Hətta vergidən yayınan klinikaların adları da açıqlanıb.
Dövlətə külli miqdarda vergi borcu olan özəl tibb müəssisələrindən biri də “Milan Hospital”dır.
Məlumat üçün bildirək ki, “Milan Hospital”ın hazırda dövlətə 185.985 manat borcu var. Qeyd edək ki, dəfələrlə adını dəyişən “Milan Hospital” dövlət reyestrində “Milana Medical” Məhdud Məsuliyyətli Cəmiyyəti olaraq qeydiyyata alınıb.
“Milan Hospital”dan külli miqdarda vergi borclarının olmasına heç bir münasibət bildirilməyib.
Onu da əlavə edək ki, tək “Milan Hospital” deyil, digər özəl klinikaların da vergi borcu var.
“Özəl klinikalar ödənişlərə görə qanunda nəzərdə tutulan qəbzləri verməlidir, bunu etməyən klinikalar cəzalandırılmalıdır”
Iqtisadçı ekspert Əkrəm Həsənov bildirdi ki, özəl klinikaların vergidən yayınması ilə bağlı məsələlər dəfələrlə ictimailəşdirilib: “Vergi orqanları özəl klinikalarda vaxtaşırı yoxlamalar aparmalıdır”.
İqtisadçının sözlərinə görə, özəl klinikalar ödənişlərə görə qanunda nəzərdə tutulan qəbzləri verməlidir: “Bunu etməyən klinikalar cəzalandırılmalıdır. Hətta bu məsələ ilə bağlı qanuna dəyişiklik edib cərimələri artırmaq lazımdır. Hətta bəzi klinikalarda iki sahibkar xidmət göstərir. Ayrı-ayrı VÖEN-ə malik olan sahibkarlar bir klinikada xidmət göstərib qiymət müəyyən edirlər. Klinikanın cəmi gəliri onlar arasında bölüşdürülür. Buna da imkan vermək olmaz”.
Həmsöhbətimiz hesab edir ki, özəl klinikalar vergidən yayınmasının qarşısını almaq üçün əlavə dəyər vergisi (ƏDV) ödəyicisi olmalıdır. ƏDV-nin geri alınması prosesinə nəzarət etmək lazımdır. Vətəndaş da ƏDV-nin geri alınması üçün klinikadan qəbz tələb etməlidir.
Günel CƏLİLOVA