Azərbaycanda fəaliyyət göstərən məşhur *9933 taksi şirkəti satılıb. Sözügedən şirkət *2424 taksi şirkəti tərəfindən alınaraq, ozünə birləşdirilib. Birləşdirilmədən sonra şirkət “Aztaksi” adı ilə fəaliyyətə başlayacaq. Artıq müştərilərə “Aztaksi” adı ilə mesajlar da göndərilir.
Qeyd edək ki, *2424 və “Aztaksi” şirkətlərinin Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı, sabiq deputat Əhəd Abıyevə məxsus olduğu bildirilir. Hər iki şirkətə Ə.Abıyev öz yaxın adamlarını rəhbər təyin edərək fəaliyyət göstərir. Məsələ ilə bağlı Ə.Abıyevdən münasibət öyrənmək mümkün olmur. Ölkə baçısı çıxışlarında dəfələrlə deyib ki, məmurlar bizneslə məşğul olmasın. Son çıxışında bunun hansı fəsadlar törətdiyi haqda da danışdı. Belə olan təqdirdə, Əhəd Abıyev hansı məntiqlə öz biznesini çiçəkləndirir?
Beynəlxalq idarəetmə üzrə ekspert, iqtisadçı Asif İbrahimov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, məmurların bizneslə məşğul olmasını qadağan edən səbəblər var: “Bunlardan ən başlıcası onların əllərində olan inzibati rıçaqları öz bizneslərinin inkişafında istifadə etməsinin qarşısını almaq niyyətilə bağlıdır. Xarici təcrübədə belə hallara az rast gəlinir. Ölkə başçısı son çıxışlarından birində vergi yığımındakı irəliləyiş barədə danışdı. Hətta konkret rəqəmlər də səsləndirdi. Vergi toplanmasındakı irəliləyiş məmurların həmin siyasətə müdaxiləsinin zəiflədilməsilə bağlıdır. Mexanizm belə qurulur. Məmurlar biznesi yaxın adamlarının adına alırlar. Ancaq gəlirə-çıxara özləri nəzarət edirlər. Hansısa dövlət qurumu ora təşrif buyuranda məmur dövriyyəyə girir, məsələni yoluna qoyur. Müdaxilə azalanda, büdcəyə də vəsait çox daxil olur. Konret məsələyə gəldikdə. İcra başısı uzun müddətdir gəzən bu söhbətə aydınlıq gətirmir. Necə deyirlər, susmaq da bir razılıq əlamətidir. Taksi biznesi gəlirli sahə sayılır. Məmurların bu seqmentə də müdaxiısi yolverilməzdir. Qoymalıdırlar ki, sərbəst rəqabət olsun. Onda qiymət də tənzimlənir, keyfiyyət də artır”.
Ekspertin sözlərinə görə, məmurlar rəsmiyyətdə şirkətin onların adına olmadığını əsas gətirib, məsuliyyətdən yayınırlar: “Ancaq əlaqədar qurumlar yaxşı araşdırma aparsa məmurlarla onların gizli biznesi arasındakı telləri müəyyən edə bilərlər. Bu sahədə nə qədər ciddi mübarizə aparılarsa, bir o qədər dövlət büdcəsinə xeyir olar”.
Məhəmmədəli QƏRİBLİ