Şadlıq evlərinin xidmətçiləri karantin məhdudiyyətlərinə qəti əməl etmir…

Məlumdur ki, Azərbaycanda iyulun 1-dən etibarən toy, nişan, doğum günü şənlikləri başlayıb. Koronavirus pandemiyasına görə 2020-ci ilin mart ayından sonra ilk dəfədir kütləvi mərasimlərə icazə verilib.
Qaydalara görə, restoranlarda çalışanların azı 80 faizi COVID-19 pasportuna malik olmalıdır. Xidmət göstərən heyətin (musiqiçilər istisna olmaqla) tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadəsi məcburidir.
Ancaq bəzi şadlıq evlərində bu qaydaya tam şəkildə əməl edilmir. Belə ki, şadlıq evlərində çalışan ofisiantların bir qismi qoruyucu maskadan istifadə etmir. Maska taxanlarda həmin vasitəni çənələrinin altında saxlayır. Ancaq qaydalarda qeyd edilir ki, iaşə obyektlərində çalışanlar mütləq tibbi maskadan istifadə etməlidir.
- “Şadlıq evlərinin rəhbərliyi işçilərin karantin qaydalarına nəzarət etməməsi ilə bağlı məsuliyyət daşıyır”
Məsələ ilə bağlı fikir bildirən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirdi ki, şadlıq evlərinin rəhbərliyi işçilərin karantin qaydalarına nəzarət etməməsi ilə bağlı məsuliyyət daşıyır: “Şadlıq evlərində qonaq kimi iştirak edən şəxslər maskasız xidmət göstərən ofisiantları boykot etməlidir. Qapalı və ya açıq havada fəaliyyət göstərən restoranın işçiləri mütləq qoruyucu maskadan istifadə etməlidir. Nəzərə almaq lazımdır ki, ofisiant maskasız müştəriyə yaxınlaşan zaman onların özləri koronavirusa yoluxa bilərlər və ya qarşıdakı şəxsləri yoluxdura bilərlər. Bu səbəbdən də restoran rəhbərliyi işçilərin qaydalarına necə əməl etməsinə xüsusi nəzarət etməlidir. Həmçinin, aidiyyatı qurumlar da bu məsələdə daha aktiv fəaliyyət göstərməlidir”.
Günel CƏLİLOVA