Çox zaman Binəqədi deyəndə göz önündə kələ-kötür, hətta yolsuzluq avtomobillərinin güclə keçdiyi yollar gəlir. Binəqədi sakinləri yay aylarında yollarda olan toz-dumandan, qış aylarında isə yağış sularının yaratdığı gölməçələrdən cana yığılıb.
Bu hal xüsusilə Binəqədi rayon Binəqədi kəndi, Üncü mədən ünvanında yerləşən məhəllədə qeydə alınır. Həmin ərazidə yaşayanlar sakinlər bildirir ki, əsas küçələrə asfalt çəkilsə də, sözügedən küçəyə artıq neçə ildir ki, asfalt çəkilmir.
Sakinlər onu da qeyd edir ki, onlar yay aylarında yollarda olan toz-dumandan, qış aylarında isə yağış sularının yaratdığı gölməçələr həyatı daha da çətinləşdirib: “Kələ-kötür yollara, çalalara dolmuş su yığını sürücülər və piyadalar üçün əsl təhlükə mənbəyinə çevrilir. Yollar isə təmir edilmir ki, edilmir. Yayı birtəhər yola verəcəyik, qışın gəlməsindən sözün əsl mənasında qorxuruq”.
Sakinlər onu da bildirir ki, onlar problemin həll olunması ilə bağlı Binəqədi rayon İcra Hakimiyyətinə və Avtomobil Yolları Dövlət Agentliyinə müraciət ediblər. Lakin onlara məlum məsələ ilə bağlı hər hans bir cavab verilməyib.
Binədədi Rayon İcra Hakimiyyəti: “Binəqədi kəndindəki qəsəbə daxili bütün yollarda mərhələli şəkildə təmir-bərpa və yenidən qurma işləri həyata keçirilir”
Məsələ ilə bağlı Binədədi Rayon İcra Hakimiyyətindən bildirdilər ki, qəsəbədaxili yolların təmir və yenidən qurulması məqsədilə RİH tərəfindən aidiyyəti qurumlara müraciət edilib: “Binəqədi kəndindəki qəsəbə daxili bütün yollarda mərhələli şəkildə təmir-bərpa və yenidən qurma işləri həyata keçirilir. Növbəti mərhələlərdə sözügedən ünvanda da yolların asfaltlanması nəzərdə tutulub”.
Mayis Əliyev: “Binəqədi rayonunun bəzi küçələri və paytaxtın digər rayonlarının kənar məhəllələri torpaq yolundan ibarətdir”
Sosial sahə üzrə ekspert Mayis Əliyev bildirdi ki, Binəqədi rayonunun bəzi küçələri və paytaxtın digər rayonlarının kənar məhəllələri torpaq yolundan ibarətdir: “Əksər qəsəbələrə hələ də asfalt çəkilməyib. Qəsəbələrdəki bəzi küçələrin abadlaşdırılmasını isə sakinlər öz hesablarına həyata keçiriblər. Aidiyyatı qurumlar bu məsələni diqqətdə saxlamalıdır”.
Günel CƏLİLOVA