Pandemiya dövründə şiddət və xəyanətlər çoxaldı, ardınca da boşanmalar…

Fatimə Hacıbəyli: “Həqiqətən də boşanmaların səbəbləri arasında şiddət, iqtisadi çətinlik və xəyanət ön sırada dayanır”

img

Azərbaycanda boşanma statistikası heç də ürəkaçan deyil. Açıqlanan statistik rəqəmlərə əsasən, son 6 ay ərzində boşananların sayı templə davam edir.

Məlumat üçün bildirək ki, 2020-ci ilin yanvar-may ayları ərzində qeydiyyat şöbələri tərəfindən 15334 nikaha daxilolma və 5788 boşanma halları qeydə alınıb.

Bir çox mütəxəssisin yanaşmasına görə, ailələrin dağılmasında əsas səbəb pandemiya və onun doğurduğu problemlərdir. Mütəxəssislərin bir qismi hesab edir ki, pandemiya üzündən insanların bir hissəsinin işini itirməsi, nəticədə də evdə daha çox vaxt keçirməsi bu kimi neqativ halın artmasına gətirib çıxarır. Pandemiya dövründə boşanma hallarının əksər ölkədə yüksələn templə getdiyini deyən ekspertlərin fikrincə, insanlarda yaranan psixoloji böhran da bu kimi hallara yol açır.

Ekspertlər onu da qeyd edir ki, pandamiya dövründə qeydə alınan boşanmaların səbəblərindən biri də şiddət və xəyanətdir.

  • “Pandemiya dövründə kişilər evdə çox olduğu üçün məişət problemləri artdı, qayğılar çoxaldı”

“Vəfa” Sosial İctimai Birliyinin sədri Fatimə Hacıbəyli qeyd etdi ki, pandemiya, sərt karantin rejimi ailələrin dağılmasına böyük təsir edib. Nəinki Azərbaycanda bütün dünyada bu hallar son 2 ildə sürətlə artıb. Boşanma faizləri ildən-ilə artmağa başlayıb. Bəzən adi məişət problemlərinə görə insanlar ailələrini dağıdır: “Bu zaman nə ana, nə də ata uşaqlarının psixologiyasını düşünmədən, tez bir zamanda ən son yola əl atırlar. Ailədaxili şiddət zamanı da ən çox uşaqlar əziyyət çəkir”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, karantin rejimində insanların evdə qalması, ailə üzvləri ilə daha çox vaxt keçirməsi onların bir-birilərini tanımasına və nəticədə uyğun olmadığı görməsinə səbəb olur.  Pandemiya dövründə kişilər evdə çox olduğu üçün məişət problemləri artdı, qayğılar çoxaldı. Buna paralel olaraq, ailədaxili problemlərin də sayı artdı. Karantin rejimi bitdikdən sonra da kütləvi boşanmaların baş verməsi gözləniləndir. Yaxşı olardı ki, bu çətin günlərdə tərəflər bir-birinə güzəştlər etsinlər, ilk mübahisədə, ilk çətinlikdə boşanmaq asandır, amma ailə qurmaq çətindir”.

Birlik sədrinin sözlərinə görə, boşanmaların səbəbləri arasında şiddət, iqtisadi çətinlik və xəyanət ön sırada dayanır: “Onu da əlavə edim ki, ayrılığa səbəb kişilərin qadınlarına sahib çıxa bilməməsidir. Söhbət xəyanətdən getmir. Xəyanət onsuz da hər zaman olub. Amma bu gün kişilərimizin əksəriyyəti ailələriylə bağlı öhdəlikləri yerinə yetirə bilmirlər. Kənarda rahatlıq axtarır və bu rahatlığın adını sevgi, dostluq və s. qoyurlar. Kənarda olan qadının problemlərini özləri həll etmədikləri üçün, evdəki qadın onlara problemli görünür. Ona görə də kənardakı qadın onlara rahatlıq gətirir. Bu səbəbdən də qadınlarımız əvvəlki illərlə müqayisədə boşanmağa daha çox meyllidirlər. Xəyanəti bağışlamırlar və ailələr dağılır”.

Günel CƏLİLOVA

Son xəbərlər