İsmayıllıdakı “Şöhlət oğlu” restoranı ilə şəhid və qazi övladları arasında nə baş verib...

Mətanət Əsgərqızı: “Bu hal vətənpərvərlik hissinə xəyanət sayılır”

img

İsmayıllı rayonu ərazisində yerləşən “Şöhlət oğlu” restoranının rəhbərliyi şəhid və qazi övladlarına qarşı kobud hərəkət edib. Bu barədə Bizim.Media-ya açıqlamasında “Əmanət” şəhid və qazi övladlarının fərdi inkişafına dəstək layihəsinin rəhbəri Sərxan Bağırlı bildirib.

O qeyd edib ki, layihə çərçivəsində 33 şəhid və qazi övladı üçün Şamaxı Rəsədxanasında düşərgə təşkil edilib: “Səfər çərçivəsində uşaqlara müxtəlif rayonlara turlar təşkil edirik. İsmayıllı rayonuna çatanda uşaqlar təbii ehtiyaclarını ödəmək istədiklərini dedilər. Biz də, hər zaman olduğu kimi, bir restoranın yanında saxlayıb, rəhbərlikdən xahiş etdik ki, bu işdə bizə yardımçı olsunlar. Lakin restoranın administratoru bizə rəhbərlik tərəfindən buna icazə olmadığını bildirdi. Mən yenə də onların mərhəmət hisslərinə arxayın olub qeyd etdim ki, bu uşaqlar şəhid və qazi övladlarıdır. Ancaq özünü restoran nəzarətçisi adlandıran şəxs qəti surətdə bizə bildirdi ki, buna müdiriyyət icazə vermir, biz buraxa bilmərik. Onlardan heç olmasa ödənişli əsaslarla icazə vermələrini xahiş etdim. Onlar yenə də israrla bizdən məkanı tərk etməyimizi istədilər”.

İsmayıllıdakı “Şöhlət oğlu” restoranı, deyəsən, hər zaman olduğu kimi qazanc haqqında fikirləşib. Bu obyekt şəhid və qazi ailələrinin balasına dəstək olmaq, onların üzünü güldürmək əvəzinə restoranın qapısını onların üzünə bağlayıb.

  • “Şəhid və qazi balalarına sevgi, nəvaziş göstərmək əvəzinə hansısa restoran o uşaqlara qarşı tərbiyəsizlik edirsə, o restoran boykot olunmalıdır”

Məsələ ilə bağlı fikir bildirən Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əsgərqızı qeyd etdi ki, şəhid və qazi balaları bizim başımızın tacıdır: “Şəhid və qazi balalarına sevgi, nəvaziş göstərmək əvəzinə hansısa restoran o uşaqlara qarşı tərbiyəsizlik edirsə, o restoran boykot olunmalıdır. Bu hal vətənpərvərlik hissinə xəyanət sayılır. Kimliyindən asılı olmayaraq, hər kəs Qarabağı bizə qaytarmış şəxslərin yadigarlarına hörmətlə yanaşmalıdır. Uzaq yoldan gələn şəxsə, uşağa yardım edərlər. Onlara təbii ehtiyaclarını qarşılamaq üçün qapı bağlamaq insanlığa xas olan xüsusiyyət deyil”.

Həmsöhbətimiz hesab edir ki, bu işdə təşkilatçıların da günahı var: “Belə bir tur təşkil edənlər hər şeyi öncədən hazır etməli idilər. Uşaqları gözlətmək, onları incitmək düzgün deyil”.

Günel CƏLİLOVA

Son xəbərlər