Bəri başdan deyim ki, dövlət başçısının xüsusi diqqət və qayğısı sayəsində dağlar diyarı olan Lerikdə artıq yararsız yol qalmayıb. Üç il bundan qabaq qəzalı vəziyyətə olan Piran-Hamarat yolu da yenidən tikilib əhalinin istifadəsinə verilib.
Dövlət sırf sosial məsələ olan bu yolun tikintisinə 11 milyondan çox vəsait sərf edib. İndi əhalinin rahat gediş-gəlişindən ötrü burada hər cür şərait var. Qaldı ki, bəzi ara sürücülər bu rahatlığı camaatın əlindən alıb. Bu da ondan irəli gəlir ki, rayonda uzun illərdir ictimai nəqliyyat ləğv olunub, bundan istifadə edən, altına köhnə bir “UAZ” markalı maşın qoyan üzdəniraq “sürücülər” qaz vurub, qazan doldurmaq məqsədilə dövlətin sadə insanlar üçün çəkdiyi yolda istədiyini edir.
Vəziyyət çox ağırdır. Sanki rayonun əksər yaşayış məntəqəsində yol onun sahibinin üzünə bağlıdır. Ən əsası, məcburiyyət qarşısında qalıb bir yerə çıxanda tam nəzarətsiz hərəkət edən ara sürücülər bir manatlıq yoldan ötrü maşınına götürdüyü sərnişindən 10 manat alır. Çoxunun isə hər dəfə bu pulu verməyə imkanı olmur...
Əvvəllər rayonun kəndlərinə 28 avtobus marşrutu işləyib. Sovet dağılanı əhalinin xidmətində duran bu marşrutlar yığışdırılıb. Nə sirdirsə, hələ də açılmamış qalır. Yəni leriklilər uzun müddət ictimai nəqliyyatın yoxluğu üzündən əziyyət çəkir, səlahiyyətli təşkilatlar, vəzifəli şəxslər marşrut barədə düşünmür. Lerikdə kreslo sahibləri o qədər haram yeyiblər ki, artıq onların gözləri xalqı görmür. Məhz buna görə də ümid qalır yenə ölkə başçısına. Çünki insanların firavan, xoşbəxt yaşaması üçün çalışmaq onun həyat prinsipidir, çox təəssüf ki, məmurların yox...
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü