İylun 1-dən Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən şərtlər altında toyların keçirilməsinə icazə verilib. İki həftədir ki, ölkə üzrə toylar, şənliklər, nişan mərasimləri keçirilir. Toylar başlayandan koronavirusa yoluxanların sayında da ciddi artım müşahidə olunur.
Yoluxma sayının artmasının səbəbi kimi toyların qaydalara uyğun şəkildə keçirilməməsi göstərilir. Bəziləri hesab edir ki, toylarda qaydalara riayət edilməməsi problemin daha ciddi şəkil almasına səbəb olub.
Toyların keçirilməsi ilə bağlı qaydalar daha da sərtləşdirilə bilərmi?
“…Qaydaların sərtləşdirilməsinə ciddi ehtiyac var”
Tibb üzrə tanınmış mütəxəssis, professor Ədalət Rüstəm bizimlə söhbətində bildirdi ki, toyların keçirilməsi qaydaları konkret olaraq bir çərçivəyə düşməyincə problemlər özünü göstərəcək. O hesab edir ki, toylar keçirilərkən Nazirlər Kabinetinin bütün qərar və tövsiyələrinə əməl edilməlidir. Professor təəssüflə qeyd etdi ki, bu gün heç bir qaydalara əməl edilmir və portalda toyda 50 nəfərin iştirak etdiyi yazılır, amma 100 nəfərdən artıq adam iştirak edir. “Toylar başlayandan həqiqətən də yoluxma sayı artıb və bunun qarşısının alınması üçün tədbirlər görülməlidir. Bu gün restoran və şadlıq evləri ciddi qanun pozunlarına yol verir. Toylara normadan artıq sayda qonaqların dəvət edilməsi yoluxma risqini artırır. Nazirlər Kabineti daha məqsədəmüvafiq qərar qəbul etməlidir ki, bu məsələ həllini tapsın. Bəzi restoran və şadlıq evləri mövcud qərarlara əhəmiyyət vermir, öz bildiyini edir. Ümumiyyətlə, toyların keçirilməsi ilə bağlı qaydaların sərtləşdirilməsinə ciddi ehtiyac var”.
Ə.Rüstəmin sözlərinə görə, bu gün Şimal qonşumuz olan Rusiyada həm yoluxma halları yüksək həddədir, həm də ölüm halları. Toylarda da Rusiyadan gələn qonaqların iştirakının istisna olmadığını deyən Ə.Rüstəmin sözlərinə görə, bu amil də yoluxmanın artmasında yol açır. Rusiya ilə gediş-gəlişin dayandırılmalı olduğunu xüsusi vurğulayan ekspert hesab edir ki, qarşılıqlı ünsiyyət artıma səbəb olur: “Təsəvvür edin ki, bəzi müğənnilər həm Rusiyada, həm də Azərbaycanda toylara gedir, Rusiya ilə gediş-gəlişləri var. Bu da risq yaradır. Operativ Qərargahda çox tanınmış, peşəkar həkimlər oturur. Bu məsələ diqqətdə saxlanılmalıdır. Fikrimcə, toyların keçirilməsində ciddi nöqsanlar var və bunlara son qoyulmalıdır. Toylar başlayandan koronavirusa yoluxma dinamikasında artım baş verib və bu da daha sərt tədbirlər görməyi təlqin edir”.
Ekspertin sözlərinə görə, Operativ Qərargah məsələni nəzarətdə saxlamalıdır.
İradə SARIYEVA