Günü-gündən çiçəklənən bu gözəl ölkəmizdə başqa məmləkətləri deyə bilmərəm, dağlar diyarı Lerik rayonunun Daster, Hamarat, Dzdipok, Bradi kəndlərini birləşdirən Daster ərazisində zurna səsi eşidilən kimi işıqlar getdi. İndi günlərdir, əsasən toyun davam etdiyi vaxt ərzində işıqlar kəsilir.
Əvvəllər də toy sahibi işıqçıları “görməyəndə” belə hallar çox olurdu. Bu günlər ərazidə işığın sutkanın əksər hissində yoxluğu göstərir ki, bizim kəndlərə nur verənlərin qara əməlləri unudulmayıb. Neçə deyərlər, gözdən uzaq, könüldən iraq bir yerdə yenidən istədiklərini edə bilərlər.
Bradi kənd sakini Hidayət Qurbanov deyir:- Doğrudur, il ərzində dəfələrlə bizi qaranlıqda qoyurlar. Artıq ərazidə işığın sönməsi əhali üçün adi haldır. Onsuz da başdan-başa sosial problemlər məngənəsində sıxılırıq. Qaldı ki, yayın bu qızmar günlərində işıqların sönməsi bizə ağırdır. Ən əsası, vacib elektrik cihazları sıradan çıxır, soyuducuda olan ərzaqlar xarab olur.
Nemət İbayev( Dzdipok kəndi):- İki həftədir bizi ardıcıl işıqsız qoyurlar. Küləkli havada, qarda, yağışda işıq olmayanda keçinirik. İndi bizi narahat edən odur ki, bu sakit, isti havalarda niyə elektrikdən istifadə edə bilməyək. Vəziyyəti məsul şəxslərə bildirəndə adam üçün min bəhanə gətirirlər.
Onu da əlavə edim ki, ərazinin içində ötən əsrin 60-ci illərindən qalma, dibi çürük, başı dağılmış halda olan ağac elektrik dirəkləri çoxdur. Hətta məftildən aşılı qalanı da var. Çox yerdə əyilmiş dirəklərin arasından sallanan xətlər daha çox təhlükə yaradır. Amma bu əlverişli günlərdə dediyim qüsurları aradan qaldıran hələlik tapılmır.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü