Yeni tikilən binalardan mənzil almaq istəyən vətəndaşlar çox vaxt fırıldaqçıların qurbanına çevrilir. Bir mənzil ya ayrı-ayrı vaxtda iki və daha çox şəxsə satılır, ya da onların adlarına keçirilmir. Belə bir hal bu günlərdə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 7-də “Hayan” MMC tərəfindən inşa edilən yaşayış binasında qeydə alınıb.
Həmin şirkətin inşa etdiyi binadan ev alan sakin bildirir ki, nağd 37 min 740 manat ödəniş edərək buradan ev alıb: “Məlum olub ki, aldığım ev daha iki nəfərə satılıb. Baş vermis hadisə ilə bağlı Abşeron Rayon Məhkəməsinə müraciət etdim. Məhkəmə tərəfindən mənim xeyrimə qərar çıxarılsa da, nə mənə mənzil verilib, nə də ödədiyim pul”.
Qeyd edək ki, bu kimi faktlar dəfələrlə yaşanıb. Yeni tikililərdə bir mənzil bir neçə adama satılır. Belə olan halda vətəndaşlar nə etməlidir? Ümumiyyətlə, bu tip hadisənin yaşanmaması üçün nə kimi işlər görülməlidir?
“Mənzil alan vətəndaşlar aldanmamaq üçün sənədsiz və tamamlanmamış binalardan ev almasınlar”
Məsələ ilə bağlı fikir bildirən daşınmaz əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, mənzil alan vətəndaşlar aldanmamaq üçün sənədsiz və tamamlanmamış binalardan ev almasınlar: “Dövlət Reyestr Xidmətindən Çıxarışı olmayan mənzili almamaq məsləhətdir. Vətəndaş hər hansı bir müqavilə ilə mənzil alarsa, burda istənilən xoşagəlməz hal yaşana bilər. Risqdən yayınmaq istəyənlər yalnız Çıxarışı olan mənzil almalıdır.
Bu tip problemlərin yaşanmaması üçün dövlət tərəfindən də müəyyən işlər görülməlidir. Hesab edirəm ki, Mülki və Mənzil Məcəlləyə dəyişiklik edilməlidir. Məcəllədə bu növ binalarda satışın hansı şəkildə aparılacağı açıq şəkildə qeyd olunmalıdır. Bu sahə ilə bağlı qanunvericilikdə boşluq olduğu üçün bəzi iş adamları vəziyyətdən istifadə edir”.
Həmsöhbətimiz xüsusi olaraq vurğuladı ki, məlum məsələ ilə bağlı ciddi konsepsiya ortaya qoyulmalıdır: “Qanunvericiliyin həmin müddəalarının işlənməsi istiqamətində yeni qərarlar qəbul olunmalıdır. Əks təqdirdə bu problemi texniki vasitələr formasında aradan qaldırmaq mümkün, ya da asan olmayacaq”.
Günel CƏLİLOVA