Daştatük Lənkəran rayonunun ucqar kəndidir. Əhali sayı 1000-ə yaxın olan bu yurd yeri Talış dağlarının ətəyində yerləşir. Təbiəti füsunkar, havası təmiz, suyu saf olan daştatüklülərin özləri də mehriban, halal, torpağa bağlı, dövlətinə sədaqətli bir həyat tərzi yaşayırlar.
Zəfərimizə, eləcə də respublikada aparılan insan amilinə yönəlik quruculuq işlərinə görə ölkə rəhbərindən dünyalar qədər razıdırlar. Amma yerli rəhbərlərin biganəliyi Daştatük camaatını bir sıra problemlərlə üz-üzə qoyur. Hətta məmurlar vəzifə səlahiyyətlərdən istifadə edərək ölkə rəhbərinin vətəndaşların rifahı naminə ayırdığı vəsaitləri öz xeyrinə mənimsəyə bilir. Və nəticədə vacib sosial məsəllərin həlli ilbəil yubadılır. Daştatük kəndinə “mavi qazın” verilməsi də belə.
Bəli, böyük bir kənddə qazın olmaması böyük dərdir. Uzun illərdir kənd sakinləri bu barədə əziyyət çəkir. Əvvəllər heç olmasa daştatüklülər meşəyə gedib yıxılmış, çürümüş ağaclardan özlərinə qış üçün yanacaq tədarükü görərdilər. İndi bir neçə ildir meşə də adamların üzünə bağlıdır. Kəndə “mavi qazın” verilməsi isə söz olaraq qalır. Vəziyyətdən istifadə edən meşə işçiləri odunun qiymətini hər gün qaldırır. Odur ki, daştatüklülər builki qışa evlərini isitməkdən ötrü əliboş gedirlər. Ağır sınaq qarşısında qalan kənd sakinlərini əlaqədar təşkilatlar, rayon rəhbərləri hələlik eşitmək istəmir. Açıq görünür ki, bu gedişlə onlardan heç nə gözləmək olmaz. Qışdan salamat çıxmaq üçün ümid qalır ölkə rəhbərinə.
Bütün respublikada olduğu kimi, Daştatük camaatı da öz Prezidentinə ürəkdən inanır, onun siyasətini dəstəkləyir. Çünki onun fəaliyyəti vətəndaşların rahat həyat tərzinə yönəlib. Yeri gələndə, haqq-ədalət naminə xalqı düşünməyən məmurların payını da yerində verir.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü