Birləşmiş Millətlər Təşkilatının (BMT) proqnozlarına görə, əsrin sonuna qədər Azərbaycan Respublikasının əhalisi 9 faiz azalacaq. Maraqlıdır, Azərbaycan əhalisinin 9 faiz azalacağına dair BMT proqnozu nədən xəbər verir?
Sosioloq Aytəkin Kamranqızı bildirdi ki, əhalinin sayının azalacağı barədə proqnoz həyəcan təbili kimi qiymətləndirilməlidir: “Azərbaycan hökuməti demoqrafik problemlərinə ciddi yanaşmalıdır və ailə stimullaşdırılmasında önəmli rola malik olmalıdır. Bu baxımdan uşaq pulu çox vacibdir və ona diqqət edilməlidir. Məlumdur ki, XX əsrin son 50 illiyində, eyni zamanda XXI əsrin əvvəllərində sənaye üsulu ilə inkişaf etmiş ölkələrdə ailə planlaşdırılması daha məntiqli aparılırdı. Bu ölkələrdə təbii artımın azalması qəbul olunandır ki, ailələr əvvəlki illərdə olduğu kimi çoxuşaqlı deyil, bir və iki övlad sahibi olmağa daha çox üstünlük verirlər. Bu tendensiya Azərbaycanda 1990-ci ildən bəri özünü göstərir. Yəni daha çox liberal bazar iqtisadiyyatı dəyərləri ilə tanış olduqdan sonra əhali artıq bu planlaşmaya üstünlük verir. Bunun müxtəlif yolları və metodları var”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, son illərdə yeni doğulan uşaqların sayının azalması, bunun da nəticəsində təbii artımın aşağı düşməsi müəyyən müddət sonra ciddi nəticələrə gətirib çıxara bilər: “Danılmaz faktdır ki, ölkədə əhali get-gedə azaldıqda həmin ölkəyə miqrantlar axın edir. Ölkəyə miqrantlar gəldikdə etnik tərkib dəyişir. Etnik tərkib dəyişdikdə isə xeyli problemlər ortaya çıxır. Biz bu problemləri Avropada müşahidə edə bilirik. Əhali sayının azalmaması üçün ölkəmizdə hər ailədə 3 uşağın olmasına çalışmaq lazımdır. Azərbaycan bu modeli həyata keçirməlidir. Çünki hər ailədə bir uşaq olanda əhalinin artımı sürətlə aşağı düşür, valideynlər dünyadan köçüb getdikdə onların yerində bir adam qalır”.
Günel CƏLİLOVA