Məlum olduğu kimi, Azərbaycanda koronavirusun “Delta” ştammı aşkarlanıb. Koronavirusdan qorunmaq üçün əhalinin peyvənd olunması tövsiyə olunmuşdu. Artıq ölkəmizdə əhalinin bir qismi vaksin olunub və bu proses davam edir.
Ancaq bu günlərdə Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, COVID-19 ştammları yüksək yoluxuculuq qabiliyyətinə görə vaksinlər üzərində qələbə çalır. O bildirib ki, koronavirusa qalib gəlmək üçün indiyədək dünya əhalisinin COVID-19-a qarşı kütləvi peyvəndlənməsi tələb olunsa da, yeni ştammların yayılması vaksinasiyanın effektini şübhə altına alıb. Tedros Adhanom Qebreyesusun sözlərinə görə, yeni koronavirus ştammlarının yayılması peyvəndlənmə sürətini üstələyir.
Məlumat üçün bildirək ki, bugünə qədər ÜST təcili istifadə üçün yeddi preparat tövsiyə edib.
Ölkəmizdə hazırda koronavirus infeksiyasına qarşı 4 peyvənd tətbiq olunur. Bunlar “CoronaVac”, “Vaxzevria”, “Sputnik V”, “Pfuzer” vaksinləridir.
T.A.Qebreyesusun məlum fikri koronavirus əleyhinə vaksinlərin effektivliyinə dair şübhələri artırıb.
Onu da qeyd edək ki, dünyanın bir çox ölkəsində elm adamları bu ştammın qarşısının alınması yönündə ciddi çaba göstərir. Çünki tam peyvənd olunan şəxslər belə yeni növ “delta” virusuna yoluxur. Belə ki, İsraildə əhalinin 60 faizi “Biotech” ilə peyvəndlənib. Buna baxmayaraq, həmin ölkədə də vaksin olunanlar “delta” ştammına yoluxub.
“Vaksinasiya ilə yanaşı, karantin qaydalarına əməl olunması da şərtdir, əks halda, vaksinasiya lazımi effekti verməyəcək”
Professor, tibbi ekspert Adil Qeybulla bildirdi ki, koronavirus əleyhinə vaksinlərin təsiri dərhal özünü büruzə vermir: “İnsan orqanizmində koronavirusa qarşı immunitet bir ay yarımdan sonra özünü göstərir. ÜST-ün reyestrinə daxil olmayan peyvəndlərin immunitet formalaşdırması ilə bağlı müəyyən problemlər var”.
Həmsöhbətimiz hesab edir ki, “Delta” ştammı yeni dalğa yaradacağı təqdirdə qarşıda xeyli çətinliklər olacağı gözləniləndir: “Ona görə də, vaksinasiya ilə yanaşı, karantin qaydalarına əməl olunması da şərtdir. Əks halda, vaksinasiya lazımi effekti verməyəcək”.
Günel CƏLİLOVA